CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda taleyin ümidinə buraxılmış zona: buraya gələnin sadəcə xəbəri yoxdur - FOTO

İlk sürüşmə zamanı sürüşən torpaq qatının eni 250, uzunluğu isə 200 metrdən çox, sürüşmə qatının hündürlüyü 15 metrdən artıq idi
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Badamdar qəsəbəsi, 20-ci Sahə avtomobil yolu bir müddətdir ki, tamamilə bağlanıb. Yamacdan qopan torpaq kütlələri yaxınlıqda olan restoranın divarına qədər sürüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, ərazidə sürüşmə zonasında aktivlik 2018-ci il oktyabr ayının 1-dən müşahidə edilir. Həmin ərazidə 11 fərdi ev və 3 obyekt var.

Qeyd edək ki, iki il ərazində ərazidə gərginlik müşahidə edilib, istinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edib, torpaq qatı asfaltın üstünə qədər gəlib çatıb. İlk sürüşmə zamanı sürüşən torpaq qatının eni 250, uzunluğu isə 200 metrdən çox, sürüşmə qatının hündürlüyü 15 metrdən artıq olub.

Bakıda taleyin ümidinə buraxılmış zona: buraya gələnin sadəcə xəbəri yoxdur - FOTO

Mütəxəssislər davam edən aktivliyi yamacın kəsilməsi, fərdi evlərin tikilməsi ilə əlaqələndirirdilər.

Qeyd edək ki, ərazidə kanalizasiya sistemi olmadığı üçün fərdi evlərin məişət suları da torpağa axıdılıb. Torpaq qatı qrunt suları, atmosfer çöküntüləri və məişət suları ilə doyduğu üçün torpaq kütlələri aşağı doğru hərəkət edib.

Bu il yanvarın 9-da isə ərazidə sürüşmə yenidən aktivləşdi və böyük torpaq kütlələri aşağı doğru hərəkət edərək, bütün yolu tutdu.

Bakıda taleyin ümidinə buraxılmış zona: buraya gələnin sadəcə xəbəri yoxdur - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş mühəndisi Əziz Qaralov bildirir ki, Badamdar sürüşmə zonasında vəziyyət gərgin olaraq qalır.

Sürüşməyə əsas səbəb atmosfer çöküntüləri və ərazidə kanalizasiya sisteminin olmamasıdır. Hazırda yol bağlanıb. Piyadalar üçün kiçik bir cığır açılıb. Yaş torpaq kütləsi restoranın divarına qədər hərəkət etsə də, sonradan təmizlənərək bir az geri aparılıb. Hazırda arada müvafiq qurumların əməkdaşları araşdırma aparırlar. Ancaq görünən odur ki, torpaq sürüşməsinin qarşısını asanlıqla almaq mümkün olmayacaq.

Bakıda taleyin ümidinə buraxılmış zona: buraya gələnin sadəcə xəbəri yoxdur - FOTO

Ərazidə yol bağlıdır. Bundan xəbərsiz bəzi sürücülər gəlib, qarşılaşdıqları mənzərəyə baxaraq geri qayıdırlar.

Piyadalar isə ərazidən qorxa-qorxa keçirlər. Fikirləşirlər ki, əgər sürüşmə zonasında gərginlik varsa, deməli, sürüşmə davam edə bilər və torpaq uçqununun altında qala bilərlər. Hətta bəzi yaxınlıqda yaşayan ailələr uşaqlarını əraziyə oynamağa belə buraxmırlar.

Görünən odur ki, hələ ərazidə sürüşmənin qarşısının alınması üçün heç bir tədbir görülmür. Yəni ərazidə olduğumuz müddətdə heç bir təmir-bərpa işlərinin görüldüyünə şahid olmadıq.