BAKI, 6 fevral — Sputnik. ABŞ-ın Cənubi Karolina ştatının Çarlston şəhərində yaşayan bir sürücü avtomobilinə girən qəribə məxluqun videosunu çəkib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Daily Mail" yazıb.
50 yaşlı Tommi Hartmanın sözlərinə görə, varlıq yastı, tüklü idi və altı ayağı vardı.
"O sanki yadplanetli idi. Plastilin cizgi filmindən kalmarla omarın hibridinə bənzəyirdi. Çox qaba və ləng bir heyvandı. Heç təsəvvür edə bilmirəm ki, o nə ola bilər", - Hartman deyib.
Entomoloq Erik Dey isə videodakı varlığın Phobetron pithecium adlanan, Şimali Amerikada yaşayn nadir kəpənəyin sürfəsi olduğunu deyib. Onun fikrincə, bu sürfə insanlar üçün təhlükəlidir: "Mən ona toxunmazdım. Reaksiyalar müxtəlif ola bilər, çox adamda o, minimum qırmızı səpkilər yaradır. Mən ona toxunanda dərimdə suluq yaranmışdı".