CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zülfiyyə Xanbabayeva "Ukraynanın səsi" ilə duet oxudu

Azərbaycanın Xalq artisti "Qolos.Ukraina" layihəsinin ulduzunun mahnısına vurulub və ona duet oxumağı təklif edib
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva gənc həmkarı, "Qolos.Ukraina" ("Ukraynanın səsi") beynəlxalq musiqi layihəsinin yeddinci mövsümündə böyük uğur qazanmış Cavid Məmmədovun duet ortağı olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, onlar birlikdə "İstərdim" mahnısını oxuyublar. Mahnının sözləri və musiqisi Cavid Məmmədova məxsusdur. Mahnıya rejissor Delee Oruclu klip çəkib. Klipin prodüseri Nigar Hacızadədir. Layihə üzərində, həmçinin tanınmış bəstəkar İsmayıl Əsədov və aranjimançı Samir Sultanov da işləyiblər.

Zülfiyyə Xanbabayevanın mətbuat xidmətindən verilən məlumata görə, Xalq artisti yaradıcılıq bioqrafiyasını gənc müğənni Cavid Məmmədovla birgə yazdırdığı mahnı və çəkdirdiyi kliplə zənginləşdirib.

"Zülfiyyə Xanbabayeva ilə Cavid Məmmədovun yeni layihəsinin – "İstərdim" mahnısının çox maraqlı yaranma tarixi var. Müğənninin özünün dediyi kimi, o, bu mahnını ilk dəfə tədbirlərin birində Cavidin ifasında eşidib. Mahnı o dərəcədə xoşuna gəlib ki, onu ifa etmək istəyib. Məlum olub ki, mahnının müəllifi Cavidin özüdür – sözləri də, musiqisi də ona məxsusdur. Cavid mahnısının Zülfiyyə Xanbabayevanın böyük marağına səbəb olduğuna hədsiz sevinib və bu kompozisiyanı ulduza verməyə hazır olduğu bir vaxtda müğənnidən maraqlı təklif gəlib", - mətbuat xidmətindən bildirilib.

Xanbabayeva Cavidə "bəlkə, onu səninlə duet oxuyaq?" deyib. Cavid də bu təkliflə razılaşıb.

Zülfiyyə Xanbabayevanın dediyinə görə, bu mahnını eşidən kimi dərhal onun klipini təsəvvür edib. Buna görə də videoçəkilişlər uzun sürməyib.

Sosial şəbəkə istifadəçiləri mahnını bəyənərək şərh yazıblar ki, iki sevən qəlbin nakam məhəbbəti haqqında gözəl klip və təsirli duet alınıb.

 

Cavid Məmmədov Gəncədə doğulub. "Ukraynanın səsi" layihəsindən sonra uğur qazanmağa başlayıb.

Zülfiyyə Xanbabayeva "Bakı payızı", "Qızıl payız", "Odlar yurdu" kimi gənc ifaçılar arasında keçirilən müsabiqələrin laureatıdır. 1991-1994-cü illərdə Vaqif Gərayzadənin rəhbərlik etdiyi "Aypara" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan bir müddət sonra solo karyerasına başlayıb. 2003-cü ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti", 2008-ci ildə "Xalq artisti" adına layiq görülüb. Müğənninin 18 klipi, 5 studiya albomu var.