Ölümün bir addımlığında: Türkiyədə təyyarə üç yerə bölündü – VİDEO

Üç hissələrə bölünən təyyarədə 171 sərnişin, 6 ekipaj üzvü olub, 52 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 5 fevral – Sputnik. Türkiyədə "Boeing 737-800" tipi  sərnişin təyyarəsi uçuş zolağından çıxıb.

Sputnik Türkiyə-nin verdiyi xəbərə görə, İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və yolun kənarına yuvarlanıb. 

Üç hissələrə bölünən təyyarədə 171 sərnişin, 6 ekipaj üzvü olub, 52 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cavit Turhan İstanbul-İzmir reysini həyata keçirən sərnişin təyyarəsində baş verən qəza ilə bağlı açıqlama verib. Nazir deyib ki, baş verən qəzaya səbəb təyyarənin uçuş zolağına qəfil eniş etməsi olub.

O bildirib ki, qəzada ağır yaralanan yoxdur. Bəzi sərnişinlər kömək olmadan sərbəst şəkildə təyyarədən çıxıb.

Qeyd edək ki, hadisə ilə bağlı Sabiha Gökçen hava limanına olan bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.