CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qar həsrətliləri, burada iki fəsil yolunuzu gözləyir - FOTO

Qışı yaşamaq istəyən uzağa deyil, Xızıya gəlib, kiçik bir otaq kirayələyib, gecənin soyuğunu, gündüz günəşinin şüalarını hiss edə bilər
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Son dəfə Xızıda 2015-ci ildə olmuşdum. Yay fəsli idi. Havanın istisi, dağlar və asfaltdan qalxan bürkü bu rayonu mənə sevdirməmişdi.

Yenidən qərar verdim, yolum Xızıya idi. Bakıdan nə az, nə çox - 104 kilometrlikdə yerləşən bu rayonu bir də qış fəslində görmək istəyirdim.

Rayona daxil olanda dağları qarsız görməyim məni gəlməyimə peşman etmişdi. Amma bir az irəlilədikcə hər tərəfin ağ örpəyə büründüyünə şahid oldum.

Hava soyuq deyildi, amma yerdə qar qalmışdı. Düzdür, yumşaq deyildi, ürək oxşamasa da, göz oxşayırdı. Bəzi yollarda qar qaldığı üçün avtomobil sürüşür, qalxmaq çətinləşirdi.

Qeyd edək ki, Xızı rayonu 1930-cu ildə yaradılıb, 1990-cı ildə isə inzibati ərazi vahidi kimi tanınıb.

Bakıda qar həsrətliləri, burada iki fəsil yolunuzu gözləyir - FOTO

Xızı müxtəlif yüksəkliklərə malik olan Dübrar, Kimçi, Şərəküş, Bərbəyim, Çıxandağ və Böyük Siyaki dağları ilə digər rayonlardan fərqlənir. Altıağac Milli Parkı Xızıda yerləşir. Park 2004-cü ildə yaradılıb. Parkın 11035 hektar ərazisi var. Altıağacda palıd, vələs, göyrüş, yemişan, zirinc və s. bitkilər var. Parkda əsasən canavar, çöl donuzu, bildirçin, yenot, dovşan, tülkü, dələ, qaratoyuq və s. heyvanlara rast gəlmək olur.

Mütəxəssislərin fikrincə, digər regionlarla müqayisədə qoruğun heyvanları çox azdır. Ancaq qeyd edək ki, Altıağac qoruğunda Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan və quş növləri var.

Tədqiqatçı Alim Cəfərovun sözlərinə görə, Xızıda dağlılar və azərbaycanlılar yaşayırlar.

"Bəzi mənbələrə görə, Xızı Sasanilər dövründən qalıb. Xristianlıqla mübarizə aparmaq və zərdüştlüyün yayılması üçün buraya irandilli tayfalar köçürülüb. Həmin tayfalar Xuzistan əyalətindən olduğu üçün rayonun adı da müxtəlif formalardan keçə-keçə Xızı olaraq qalıb".

Bakıda qar həsrətliləri, burada iki fəsil yolunuzu gözləyir - FOTO

Tədqiqatçı bildirir ki, ərazinin çox maraqlı landşaftı var. Dağlar, meşələr, çaylar Xızını əvəzedilməz bir əraziyə çevirib.

"Rayonun 50-dən çox kəndi var. Amma fikir verirsiniz, rayona daxil olanda adama elə gəlir ki, Xızı kiçik rayondur. Əvvəllər Xızıda yollar təmir edilməmişdi. Amma indi ucqar kəndlərə də getmək mümkündür", - deyə tədqiqatçı qeyd edib.

Xızı torpağı Azərbaycan ədəbiyyatına Mikayıl Müşviq, Cəfər Cabbarlı, Cabir Novruz kimi dəyərli söz adamları bəxş edib. Bu gün də Xızıda Cəfər Cabbarlının, Mikayıl Müşviqin ev muzeyləri fəaliyyət göstərir. Qızılqazma kəndinə gedən yol qarlı və buzlu olduğu üçün yola davam edə bilməyib geri qayıdıram.

Bakıda qar həsrətliləri, burada iki fəsil yolunuzu gözləyir - FOTO

Xızının əhalisi çox mehribandır. Avtomobili saxlayıb sadəcə ətrafa baxmaq istəsən belə, kimsə yaxınlaşıb, öz köməyini təklif edir.

Qışı yaşamaq istəyən uzağa deyil, Xızıya gəlib, kiçik bir otaq kirayələyib, gecənin soyuğunu, gündüz günəşinin şüalarını hiss edə bilər.

Hələ samavar çayı ilə isti təndir çörəyini demirəm. Beyninizin sakitləşməsi, ciyərlərinizin təmiz hava alması üçün Xızıya getmək yetərlidir...

İndi Xızıda iki fəsil var, yaz və qış… Ahəngi görmək üçün yolunuzu Xızıdan salın…