SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK Fərəc Quliyevə xəbərdarlıq etdi, 31-ci dairə nəzarətdə saxlanılacaq

Mehman Hüseynov deputatlığa namizəddən Baş Prokurorluq və Ombudsmana, MSK Baş Prokurorluğa müraciət edib
Sputnik

BAKI, 5 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsini ciddi nəzarətdə saxlayacaq.

MSK keçmiş deputatın namizədliyini qeydə almadı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir: “Mehman Hüseynov MSK ilə yanaşı, Baş Prokurorluğa və Ombudsmana da müraciət edib. MSK, sadəcə, öz səlahiyyətləri çərçivəsində olan məsələlərə baxır. Əgər Baş Prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Mehman Hüseynovun həmin dairədən namizəd olan Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb.

MSK-nın üzvü Ramiz İbrahimov bildirib ki, şikayətdə F. Quliyevin Mehman Hüseynova 15 min manat pul təklifi əksini tapıb.

R. İbrahimov diqqətə çatdırıb ki, həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış Etibar Əliyev və Orxan Kəngərli də eyni məsələ ilə bağlı MSK-ya müraciət edərək, F. Quliyevin bununla seçkini gözdən saldığını və buna görə də onun namizədliyinin ləğv edilməsini istəyib.

Ekspert deputatlığa namizədlərin seçki kampaniyasını şərh edir

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılıb və onların iclasda iştirak etmələri bildirilib.

Mehman Hüseynov özü də MSK-nın bu gün keçirilən iclasında iştirak edib.

MSK şikayəti müzakirə edib və  indiki mərhələdə Fərəc Quliyevə xəbərdarlıq edilib.

Qeyd edək ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F. Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu M. Hüseynovun müalicəsi üçün təklif etdiyini, M. Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.