Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 5 fevral — Sputnik. Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" koronavirus daha da yayılarsa, qlobal neft tələbatının azala biləcəyini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, agentliyin məlumatına görə, koronavirus daha da yayılarsa, neft tələbatı azalar, bu, Braziliya, Norveç və ABŞ kimi istehsal profisiti olan ölkələrdə hasilatın daha da artmasına səbəb ola bilər. Artıq hasilatın təsirləri isə koronavirus epidemiyasının nə qədər davam edəcəyindən və "OPEC+" ölkələrinin istehsal səviyyələrini yenidən tənzimləmək imkanlarından asılı olacaq. 2020-ci ildə geosiyasi gərginliklər və iqtisadi proseslər fonunda neftin qiymətinin dəyişkən olacağı gözlənilir.
Qeyd edək ki, koronavirus epidemiyasının neftə olan tələbi azaldacağı narahatlığı neftin qiymətinin ucuzlaşmasına səbəb olur. Bir çox maliyyə qurumları və analitiklər koronavirus epidemiyasının neftin qiymətlərinə ciddi təsir etdiyini deyirlər. Yanvar ayında dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir. Neft tədarükünü azaltmaqdan başqa bir həll yolu tapa bilməyən kartel bu siyasətini davam etdirməyi müzakirə edir.
Koronavirus epidemiyası daha da yayılarsa, neftin qiyməti necə olacaq?
Xəzər Universitetinin professoru Fuat Rəsulov məsələni Sputnik Azərbaycan-a şərh edib.
Professor bildirib ki, hazırda dünya iqtisadiyyatında 2008-2015-ci illərdəkinə oxşar tənəzzül, böhran başlayıb: "Çox ölkələr sərhədləri bağlayırlar. Çindən Avropayadək dəmiryol xəttini Rusiya bağlayıb, yəni Çindən gələn malları buraxmır. Belə davam etsə, xırda ticarət obyektlərimiz 1 aydan sonra nə satacaqlar? Hasil edilən neft məhsullarının 70 faizi yanacağa gedir. Tələb kəskin şəkildə azalmağa başlayıb. Tələb azalanda qiymətlər aşağı düşməyə başlayacaq. Satıcıların sayı çoxdur, neftin həcmi çoxdur, ancaq tələb azalır".
"Koronavirus epidemiyasına qarşı dərman tapılmasa, neftin qiyməti aşağı düşməyə davam edəcək. Qiymətlər 40 dollaradək və ondan aşağı da düşə bilər. Əgər epidemiyanın müalicəsi tapılsa, tələbat artacaq, neftin qiymətləri sabitləşə, hətta arta bilər", - deyə professor qeyd edib.
Onun sözlərinə görə, "OPEC+" neft hasilatını daha da azaltsa, bu, sadəcə qiymətlərin aşağı düşmə sürətini azalda bilər: "Hər ölkədə neft hasilatının maya dəyəri fərqlidir. Neftin qiymətinin ucuzlaşması ABŞ-a da sərf etmir. Çünki ABŞ-da neftin hasilatı daha baha başa gəlir. Əksinə, qiymətlərin bahalaşması ABŞ üçün sərfəlidir. Heç bir neft hasil edən ölkə qiymətlərin düşməsində maraqlı deyil".
"Təbii qazın da qiymətləri düşməyə başlayacaq, çünki qlobal istiləşmə baş verir, yəni qaza da tələbat azalır. Tələb azalırsa, qiymətlər aşağı düşməyə başlayır", - deyə o əlavə edib.
Qeyd edək ki, Çinin xam neftə olan tələbatının 20% azaldığı bildirilir. Dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çinin iqtisadiyyatına mənfi təsir edən koronavirus ölkənin neft tələbatını da azaldıb. Çinin neft tələbatı gündəlik 3 milyon barel geriləyib. Bu göstərici Çinin ümumi istehlakının 20%-nə bərabərdir. Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından indiyədək ən böyük tələb geriləməsi və ABŞ-dakı 11 sentyabr hadisələrindən bəri istehlakda ən qəfil azalmadır.
Çin 2016-cı ildə ABŞ-ı üstələyərək dünyanın ən böyük neft idxalçısı olub. Çinin neft istehlakındakı hər hansı bir dəyişiklik qlobal enerji bazarına da ciddi təsir göstərir.