BAKI, 5 fevral — Sputnik, İrina Alksnis. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan fevralın 3-də Kiyevə səfər edib. Ərdoğan səfərindən əvvəl ölkəsinin “Krımın qanunsuz ilhaqını tanımadığını” deyib. Kiyevdə isə fəxri qarovul dəstəsini salamlayarkən Türkiyə lideri “Ukraynaya eşq olsun!” sözlərini işlədib.
Bu addımların arxasında, şübhəsiz ki, Moskvanın diqqətini çəkmək istəyi durur – buna səbəb Suriyanın İdlib bölgəsi ətrafındakı vəziyyət olub. Belə ki, son günlərdə Ərdoğan Rusiyanı razılaşmaları pozmaqda və Dəməşqə fürsət verməkdə ittiham edib. Türkiyə liderinin sözlərinə görə, Rusiya tərəfinə hətta “yolumuza keçməyin” siqnalı da verilib.
Xatırladaq ki, İdlib Suriyanın şimal-qərbində yerləşən və Türkiyə ilə həmsərhəd olan bir bölgədir. Bu ərazi hökumət əleyhinə qüvvələrin, o cümlədən terrorçu qrupların (əsasən də “Cəbhət ən-Nüsrə” qruplaşmasının) nəzarəti altındadır. Ərazidə Türkiyə hərbçiləri də xidmət çəkirlər.
Qeyd edək ki, İdlibdəki vəziyyət dəfələrlə beynəlxalq razılaşmaların mövzusu olub. Bölgədə genişmiqyaslı hərbi əməliyyatların dayandırılması üçün nəzərdə tutulmuş bu razılaşmalar sözügedən ərazini Dəməşqin nəzarətindən kənarda olan deeskalasiya zonasına çevirib.
Lakin Suriya ordusu bu ərazidə terrorçulara qarşı hərbi əməliyyatlar aparır. Belə ki, 2019-cu ilin dekabrında İdlibdə hökumət qoşunlarının əməliyyatının ikinci aktiv mərhələsi başlayıb. Hazırda Sarakib şəhəri uğrunda döyüşlər gedir və bu prosesin Dəməşqin xeyrinə inkişaf etdiyini güman etmək olar.
Bir neçə gün əvvəl isə vəziyyət bir qədər pisləşib. Belə ki, Suriyanın İdlibə hava hücumu nəticəsində Türkiyənin səkkiz vətəndaşı, o cümlədən beş türk əsgər həlak olub, eləcə də doqquz əsgər yaralanıb. Ərdoğanın sözlərinə görə, cavab zərbələri ilə 76 suriyalı əsgər “zərərsizləşdirilib”.
Bütün bunların fonunda ekspertlərin və müşahidəçilərin, demək olar ki, hamısı baş verənlərin Türkiyə-Rusiya münasibətlərini köklü şəkildə dəyişməyəcəyi fikrindədirlər. Belə ki, Ankaranın Moskva ilə münasibətlərinin gündəmində “Türk axını”, “S-400” və kənd təsərrüfatı mallarının ticarəti kimi çox vacib mövzular durur və buna görə də Suriya istiqamətindəki gərginlik iki ölkə arasında qarşılıqlı əlaqəyə ciddi şəkildə təsir edə bilməyəcək.
Həmçinin, bütün baş verənlərin timsalında Rusiyanın ən çətin və ziddiyyətli məsələlərdə belə sabitliyi qorumağa yönəlmiş xarici siyasət strategiyasının necə işlədiyini qeyd etmək lazımdır. Bu yanaşmanın ən vacib elementi qarşılıqlı fayda və qarşılıqlı əlaqə prinsipləri üzərində işləyən müxtəlif layihələr şəbəkəsinin formalaşdırılmasıdır. Bu, münasibətlərdə gərginliyin yaranması və digər əməkdaşlıq sahələrinə keçməsi ehtimalını nəzərəçarpacaq dərəcədə azaldır, eləcə də iştirakçıları yaranan münaqişələri sırf həmin problem çərçivəsində həll etməyə məcbur edir.
Belə olan halda Ukrayna mövzusu ilə bağlı səsləndirilən şərhlərin və İdlib ətrafındakı vəziyyətin Moskva-Ankara münasibətlərini gərginləşdirməyəcəyini gözləmək olar.