RUSİYA

Türkiyədən sonra Hindistan: Rusiya yenidən “S-400” satacaq

Dehli bu müasir zenit raket komplekslərinin beş alayının müqabilində Rusiyaya 5,43 milyard dollar ödəyəcək.
Sputnik

BAKI, 5 fevral — Sputnik. Rusiya Hindistan üçün “S-400” zenit raket komplekslərinin istehsalına başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov deyib.

“Rusiya müqavilədə nəzərdə tutulmuş müddətdə “S-400” sistemlərini Hindistana çatdıracaq. Ümumilikdə tərəflərin öz üzərlərinə götürdükləri bütün öhdəliklər, o cümlədən ödəniş tam olaraq yerinə yetirilir. Əlavə edim ki, Hindistanda həmçinin təlim mərkəzinin yaradılması ilə bağlı işlər aparılır”, - Manturov deyib.

2018-ci il oktyabrın əvvəllərində Rusiya və Hindistan “S-400” komplekslərinin tədarükünə dair saziş imzalayıblar. Dehli bu müasir zenit raket komplekslərinin beş alayının müqabilində Rusiyaya 5,43 milyard dollar ödəyəcək. Bu müqavilə “Rosoboroneksport” dövlət şirkətinin tarixində ən böyük saziş hesab edilir. Tədarükün 2025-ci ilin birinci yarısında başa çatacağı gözlənilir.

“S-400 Triumf” Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Hindistandan başqa Türkiyə və Çin “S-400” sistemlərinin tədarükü ilə bağlı Rusiya ilə müqavilələr imzalayıblar. İraq hökuməti də bu komplekslərin alınması imkanını nəzərdən keçirir.