“Azərbaycanın, bizim vətənimizin ən çətin vaxtında 10 il ulu öndər Heydər Əliyevlə işləmək bir nazir, ümumiyyətlə, bir xadim kimi mənim üçün çox böyük məktəb oldu”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşündə Polad Bülbüloğlu deyib.
“O illəri, görüşləri tez-tez yada salıram. Baxmayaraq ki, çətin idi, bizim Böyük Öndərimiz mədəniyyətə həmişə diqqətlə yanaşırdı. Hətta vəsait olmayanda şəxsən mənə, ümumiyyətlə, mədəniyyət sahəsinə, mədəniyyət adamlarına onun diqqəti hər bir vəsaitdən artıq idi. Sənət adamları bunu bilirdilər ki, cənab Prezident onlara çox böyük diqqətlə yanaşır. Azərbaycan üçün çox işlər gördünüz. Mən son günlər Bakıdayam, Azərbaycandayam. Qonaqlar gəlirlər, inanın ki, bizim bu yeni küçələri, binaları, - qədim Bakı da saxlanılıb, - görəndə hamı Bakıya heyran olur. Bunlar hamısı Sizin, Mehriban xanımın diqqəti sayəsindədir. Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma cənab Prezident, bu, mənim üçün çox böyük mükafatdır”, – deyə P.Bülbüloğlu bildirib.
Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluya “Heydər Əliyev” ordenini təqdim edib.
Polad Bülbüloğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz