HADİSƏ

Bərdədə iki avtomobil toqquşdu, sürücü xəstəxanalıq oldu

Olay yerində olan şahidlər bildiriblər ki, hadisənin günahkarı başqa avtomobilin sürücüsü olub. Yüngül əzilən avtomobil hadisə yerindən dərhal uzaqlaşıb
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Bərdə şəhərinin Heydər Əliyev prospektində ağır yol qəza hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Mercedes” markalı minik avtomobili “VAZ-2109” markalı avtomobillə toqquşub.

Hər iki avtomobilə ciddi ziyan dəyib. “VAZ-2109”un sahibi ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bərdə rayon Təcili Tibbi Yardım məntəqəsindən bildiriblər ki, 1971-ci il təvəllüdlü sürücü, Bərdə şəhərində yaşayan Əhmədov Elbrus Əhməd oğlu baş nahiyəsindən xəsarət alıb.

Olay yerində olan şahidlər bildiriblər ki, hadisənin günahkarı başqa avtomobilin sürücüsü olub. Yüngül əzilən avtomobil hadisə yerindən dərhal uzaqlaşıb.