BAKI, 4 fevral — Sputnik. "Sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılması da var. Bu da mənim təşəbbüsümlə irəli sürülmüş məsələdir, o vaxt ki, ölkəmizdə işsizlik bir qədər artmışdı. Onun da səbəbi o idi ki, neftin qiyməti 4 dəfə aşağı düşdü, biz məcbur olub investisiya xərclərimizi ixtisar etdik".
Sputnik Azərbaycan bildirir ki, bunu Prezident İlham Əliyev Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
"Valyuta ehtiyatlarımızı, hətta bizim üçün ən ağır illərdə artıra bilmişik. Amma investisiya xərclərini azaltdıq və beləliklə, bu layihələrdə iştirakı nəzərdə tutulan insanlar işsiz qaldılar. Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı. Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır. Ona görə çox ciddi nəzarət var. Əminəm ki, belə hallar təkrarlanmayacaq. Amma yenə də ciddi nəzarət olmalıdır", - deyə dövlət başçısı xəbərdarlıq edib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, bütün iş yerləri qeydiyyatdan keçsin və nəzarət güclü olsun: "Baxmayaraq ki, işsizliklə bağlı vəziyyət ötən il yenə də böyük dərəcədə yaxşılaşdı, amma əhali artır. Biz bunu nəzərə almalıyıq. Ona görə bu il də dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq".
"Digər önəmli proqram özünüməşğulluq proqramıdır. Buna da biz bir neçə il əvvəl start verdik və böyük tələbat var. Bu, onu göstərir ki, biz düzgün addım atmışıq və bu proqramı genişləndiririk.
Tələbat təqribən 40-50 min ətrafındadır. Ancaq biz keçən il 7-8 min insanı bu proqrama cəlb etdik. Bu il ən azı 10 min insan cəlb olunacaq. Onlara lazımi vasitələr, avadanlıq, mal-qara veriləcək. Bizim təşəbbüsümüzlə bu proqramı Dünya Bankı ilə birgə icra edirik.Yəni, yaradılacaq bu 10 min iş yeri üçün Dünya Bankının xətti ilə də vəsait nəzərdə tutulur.
Bizə onların vəsaitindən çox təcrübəsi, ekspertizası lazımdır. Çünki Dünya Bankı dünyanın bir çox ölkələrində belə layihələr icra edib. Ona görə həm ekspertiza, həm əlavə maliyyə vəsaiti cəlb olunacaq. Mən Azərbaycanda fəaliyyət göstərən özəl banklara da demək istərdim ki, onlar da baxsınlar, bu proqrama qoşulsunlar və proqram daha geniş vüsət alsın. Çünki qeyd etdiyim kimi, maraq böyükdür, tələbat da artır", - deyə Prezident İlham Əliyev tövsiyə edib.