BAKI, 4 fevral — Sputnik. Rusiyanın “2019-nCoV” koronavirusu əleyhinə hazırladığı “Triazavirin” antivirus preparatı Çində sınaqdan keçiriləcək. Sputnik radiosu Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə nazirinin müavini Sergey Kraevoy deyib.
“Onlar (Çin – red.) hətta ində də bizdən “Triazavirin” adlı dərmanı alırlar ki, onun kliniki tədqiqatlarını aparsınlar”, - Kraevoy bildirib.
Qeyd edək ki, yeni koronavirus hava damcıları, həmçinin çirkli əllərlə gözlərə toxunanda ötürülür. Əsas simptomlar arasında quru öskürək, tənəffüs çatışmazlığına qədər nəfəs darlığı, yüksək bədən hərarəti, zəiflik göstərilir.
2019-cu ilin dekabrın sonlarında Çin hökuməti Hubey əyalətində naməlum mənşəli sətəlcəm xəstəliyinin yayıldığını bildirib. Xəstəliyin törədicisi yeni növ “2019-nCoV” koronavirusudur.
Ən son məlumatlara görə, dünya üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 20 min nəfəri keçib. Xəstəlik bu günə qədər 427 nəfərin ölümünə səbəb olub.