BAKI, 4 fevral — Sputnik. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu gün üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib.
Onlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.
İkinci şəxs Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının isə sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.
BDU nəzarətdə saxlanan çinli tələbəsi ilə bağlı açıqlama yaydı
Xəstəxanaya yerləşdirilən Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da hərarəti normaldır, heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur.
Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.
Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.