Avropa İttifaqı da "Əsrin razılaşması"na qarşı çıxdı

Avropa İttifaqı tərəfləri vəziyyəti gərginləşdirə biləcək beynəlxalq hüquqa zidd birtərəfli addımlardan çəkinməyə çağırır.
Sputnik

BAKI, 4 fevral — Sputnik. Fələstin-İsrail münaqişəsinin nizamlanması üzrə Birləşmiş Ştatların təşəbbüsü dünya birliyi tərəfindən razılaşdırılan parametrlərinə uyğun deyil. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.

"Yanvarın 28-i ABŞ tərəfindən irəli sürülən təşəbbüs beynəlxalq səviyyədə razılaşdırılan parametrlərə uyğun deyil. Davamlı və möhkəm sülhü yaratmaq üçün, yekun statusla bağlı həll olunmayan məsələlər tərəflər arasında birbaşa danışıqlar yolu ilə həll olunmalıdır. Bura sərhədlər, Qüdslə bağlı status, təhlükəsizlik və qaçqınlar problemi ilə bağlı məsələlər də daxildir", - deyə Borrel qeyd edib.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı tərəfləri vəziyyəti gərginləşdirə biləcək beynəlxalq hüquqa zidd birtərəfli addımlardan çəkinməyə çağırır.

Qeyd edək ki, yanvarın 28-i ABŞ Prezidenti Donald Tramp "Əsrin razılaşması" çərçivəsində İsraillə Fələstinin yeni xəritəsini paylaşıb.

"Paytaxtı Yerusəlimin şərqində olacaq gələcək Fələstin dövləti belə görünə bilər", - Tramp yazıb.

"Mən həmişə İsrail dövlətinə və yəhudi xalqına dəstək verəcəm. Onların təhlükəsizliyini və tarixi vətənlərində yaşamaq hüquqlarını tam dəstəkləyirəm. Sülh zamanıdır", - Tramp qeyd edib.

Amerika lideri mesajlarını həmçinin ivrit dilində və ərəbcə təkrarlayıb.

Dərc olunmuş xəritəyə görə, Fələstini iki sərhəd keçidli magistralla İordaniya ilə birləşdirmək nəzərdə tutulur. Fələstinin Qərb sahili İordaniyadan İsrail torpağının şəridi ilə ayrılacaq. Bundan başqa, Qəzza zolağı əhəmiyyətli dərəcədə genişləndiriləcək. Ona Misirlə sərhəddəki iki iri rayon birləşdiriləcək. Trampın təklif etdiyi xəritədə Suriyanın Qolan təpələri də İsrail ərazisi kimi göstərilir.