CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turşudan bir ailənin dörd üzvünün zəhərlənməsi ilə bağlı rəsmi açıqlama

Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və daha sonra ailə üzvləri Bakıda yerləşən Klinik Tibbi Mərkəzə göndəriliblər.
Sputnik

BAKI, 3 fevral — Sputnik. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) Biləsuvarda bir ailənin 4 üzvünün qidadan zəhərlənməsi xəbərinə aydınlıq gətirib. Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, həmin şəxslər özləri Kliniki Tibbi Mərkəzə müraciət ediblər: "Onlar ev şəraitində hazırlanan turşudan yeyib narahat olublar. Bu, qida zəhərlənməsi deyil. Həmin şəxslərdən üçünün vəziyyəti kafi qiymətləndirilib və evə buraxılıblar. Bir nəfər də evə buraxılacaq".

Qeyd edək ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakinləri - 1958-ci il təvəllüdlü Adil Əhmədov, onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Mərifət Xasıyeva, övladları - 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova qida zəhərlənməsi diaqnozu ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və daha sonra ailə üzvləri Bakıda yerləşən Klinik Tibbi Mərkəzə göndəriliblər.