CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lazımın ümidinə qoyduğumuz işlər - uşağı məktəbə hazırlayaq, yoxsa hamama?

Əgər şagirdlərin xəstəliyi yüngül qrip virusudursa, dərslərdə maska ilə oturmalı, bir-birinə qarşı diqqətli davranmalı, asqıranda qolları ilə ağızlarını bağlamalıdırlar.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Çində koronavirus qurbanlarının ölkə üzrə ümumi sayı 361 nəfərə çatıb.

Hazırda bu ölkədə 17205 nəfər bu virusun daşıyıcısıdır. İddialara görə, artıq dünyanın 18 ölkəsində koronavirusa yoluxma halı qeydə alınıb. Virusun sürətlə yayılması Azərbaycanda da narahatlığa səbəb olub.

Koronavirusa yoluxanlar deportasiya ediləcək

Belə ki, Nazirlər Kabinetinin sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsinə, ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınmasına, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsinə, səhiyyə ocaqlarında qaynar xətlərin yaradılmasına, virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılmasına, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsinə qərar verilib.

Ölkədə virus qeydə alınmasa da, vətəndaşlar arasında, xüsusən də valideynlər arasında narahatlıq var. Təhsil müəssisələrində uşaqlar arasında bütün xəstəliklərin yayılma ehtimalının böyük olduğunu nəzərə alsaq, bu müəssisələrdə virusa qarşı tədbirlərin görülməsi daha məqsədəuyğun hesab edilir.

Bu gün təhsil müəssisələri, bağçalar və digər təhsil qurumlarında virusa qarşı hansı önləyici tədbirlər görülür?

Təhsil eksperti Qoşqar Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusla bağlı bütün məktəblərdə direktorlar xəbərdarlıq etməlidirlər.

"Gündəlik gigiyena qaydaları ilə bağlı müəyyən qaydalara əməl edilməli, profilaktik tədbirlər çərçivəsində məktəblərin ayaqyolları sabunla təmin edilməlidir. Məktəblərdə bu baxımdan ciddi problemlər müşahidə edilir. Məktəblərin ayaqyolunda sabun olmur. Eyni zamanda məktəblilərə əllərini tez-tez sabunla yumaq təlqin edilməlidir", - deyən ekspert vurğulayıb ki, hər hansı şagirddə qızdırmalı xəstəlik müşahidə edilirsə, dərsə gəlməməlidir.

İndi koronavirusa yoluxub-yoluxmadığınızı biləcəksiniz

Əgər şagirdlərin xəstəliyi yüngül qrip virusudursa, dərslərdə maska ilə oturmalı, bir-birinə qarşı diqqətli davranmalı, asqıranda qolları ilə ağızlarını bağlamalıdırlar.

"Uşaqlara təbliğ edilməlidir ki, yanlarında hər zaman dəsmal gəzdirsinlər. Onlar öskürən və ya asqıran zaman ağızlarını dəsmalla tutmalıdırlar. Bu kimi gigiyenik tədbirlər müəllimlər və ya məktəb rəhbərliyi tərəfindən təbliğ edilməlidir", - deyə ekspert əlavə edib.

Tibb elmləri doktoru, professor K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə koronavirus qeydə alınmayıb: "Olmayan xəstəlik haqqında danışmağa dəyməz. Amma nəzərə almaq lazımdır ki, ehtiyat igidin yaraşığıdır".

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, lazım olduğu təqdirdə müvafiq dövlət qurumları ilə birlikdə müəyyən tədbirlər görüləcək.

Xatırladaq ki, koronavirus ötən ilin sonlarında Çinin Uhan şəhərindən yayılıb.