ABŞ səfirliyindən Çində olan azərbaycanlılara xəbərdarlıq

ABŞ Prezidentinin rəsmi müraciətinə əsasən, qeyri-ABŞ vətəndaşları və ABŞ-da yaşayış hüququna malik olmayan şəxslərin Çinə səfər etdikləri son gündən növbəti 14 gün ərzində ABŞ-ın ərazisinə səfərləri dayandırılır.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi Çində yayılan koronavirusla bağlı məlumat paylaşıb. Belə ki, qeyri-ABŞ vətəndaşları və ABŞ-da yaşayış hüququna malik olmayan şəxslərin Çinə səfər etdikləri son gündən növbəti 14 gün ərzində ABŞ-ın ərazisinə səfərləri dayandırılır. Sputnik Azərbaycan xəbər verir ki, məlumat səfirliyin rəsmi "Fcebook" səhifəsində yerləşdirilib.

"ABŞ Prezidentinin rəsmi müraciətinə əsasən, qeyri-ABŞ vətəndaşları və ABŞ-da yaşayış hüququna malik olmayan şəxslərin Çinə səfər etdikləri son gündən növbəti 14 gün ərzində ABŞ-ın ərazisinə səfərləri dayandırılır. Bu qayda Honkonq və Makaoya səfərdə olan şəxslərə şamil olunmur. Əgər siz Çində yaşayır, yaxınlarda Çinə səfər etmiş və ya ABŞ-a planlaşdırılan səfərinizdən əvvəl Çinə səyahət etmək istəyirsinizsə, ABŞ-a səyahət üçün viza müsahibəsini Çindən gəldikdən ən azı 14 gün sonraya təxirə salmağınızı tövsiyə edirik", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 361-ə çatıb.

Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 17000-ə çatıb.

Qeyd edək ki, bu gün Uhanda 8 gün ərzində tikilən yeni xəstəxana insanları qəbul etməyə başlayacaq. 1000 çarpayılıq Houşenşan hospitalı Hubey vilayətində baş qaldıran xəstəliyin qarşısını almaq üçün tikilən iki xəstəxanadan biridir.

Leişanşanda ikinci hospitalın tikintisi isə çərşənbə günü yekunlaşacaq.