Ekzotik "cənub meyvəsi" - soyuducu maşından adam çıxdı - FOTO

"Patrul əməkdaşları möhürləri qıraraq soyuducunu açmaq qərarına gəliblər, çünki insanların həyatı real olaraq təhlükədə idi"
Sputnik

BAKI, 2 fevral — Sputnik. Ukraynanın Lvov şəhərinin polisi alma daşıyan soyuducu maşında dörd Əfqanıstan vətəndaşı aşkarlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Lvov vilayəti polisinin Facebook səhifəsində məlumat paylaşılıb.

Yük maşınının sürücüsü hüquq-mühafizə işçilərinə refrijeratordan taqqıltı gəldiyi barədə məlumat verib. Hadisə yerinə gələn polislər içəridə olan adamlarla verbal ünsiyyət qura bilməyiblər.

"Patrul əməkdaşları möhürləri qıraraq soyuducunu açmaq qərarına gəliblər, çünki insanların həyatı real olaraq təhlükədə idi... İçəridə, alma yeşiklərinin yanında dörd əcnəbi vardı. Tibb işçiləri onları müayinə etdilər və bildirdilər ki, onların tibbi yardıma ehtiyacı yoxdur", - Lvov polisinin yaydığı məlumatda deyilir. 

Polislər müəyyən ediblər ki, bunlar Əfqanıstan vətəndaşlarıdır. Onlardan üçü yetkinlik yaşına çatmayıb və onlarla səlahiyyətli orqanlar məşğul olacaqlar.