CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mirzə Xəzər vəfat edib

Mirzə Xəzərin ən önəmli xidmətlərindən biri də 1990-cı il Yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıya yeridildiyi və respublikanın informasiya blokadası yaşadığı bir zaman canlı yayımda "Azadlıq" radiosunun efirindən baş verənlər barədə məlumatı çatdırması olub
Sputnik

BAKI, 2 fevral — Sputnik. “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri işləmiş Mirzə Xəzər vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Mirzə Xəzər yanvarın 31-də Almaniyada vəfat edib.

Qeyd edək ki, Mikayılov Mirzə Kərim Oğlu (Mirzə Xəzər) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib və İsrailə mühacirət edib. 1976-cı ilin avqust ayında "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına işə götürülüb. 1979-1985-ci illərdə "Azadlıq" radiosu Azərbaycan redaksiyasının redaktor müavini vəzifəsində çalışıb. 1985-ci ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşinqtonda "Amerikanın Səsi" radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsində işləməyə başlayıb.

Mirzə Xəzər vəfat edib

1987-ci ilin fevral ayında yenidən Almaniyaya qayıdıb, "Azadlıq" radiosu Azərbaycan redaksiyasının müdiri vəzifəsini icra edib. 2003-cü il sentyabrın 2-dək bu vəzifədə işləyib. Bu illər ərzində müxtəlif ölkələrdə dil və peşə üzrə təhsil məktəblərində oxuyub. 1975-ci ildə İsraildə Təl-Əviv universitetinin SSRİ-dən gəlmiş hüquqşünaslar üçün açılan xüsusi kurslarında, 1979-cu ildə Nyu-York şəhərinin Hüntər kollecində, 1981-ci ildə Böyuk Britaniyanın Folqston şəhərində xüsusi ingilis dili məktəbində, 1986-cı ildə Vaşinqtonda menecerlər üçün ixtisas artırma kurslarında, 1989-cu ildə isə Boston Universitetində Münhen filialının təşkil etdiyi menecerlik kurslarında oxuyub.

Mühacirət həyatı illərində tərcümələr edib, müxtəlif jurnallar, məcmuələr üçün tədqiqat yazıları hazırlayıb.

70-ci illərin sonu 80-cı illərin əvvəllərində Mirzə Xəzər İsveçin Stokholm şəhərində Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı (Əhdi Ətiq və Əhdi Cədidi) bütövlükdə müasir Azərbaycan dilinə tərcümə edib. Mirzə Xəzərin tərcümə etdiyi Əhdi-Cədid (İncil) ilk dəfə 1983-cü ildə Xorvatiyada, ümumən isə beş dəfə nəşr edilib. Mirzə Xəzərin tərcüməsində Əhdi-Ətiq (Tövrat) nəşr edilməyib.

O, "Mirzə Xəzərin Səsi" Radiosunun rəhbəri olub. Mirzə Xəzərin Azərbaycana ən önəmli xidmətlərindən biri də 1990-cı il Yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıya yeridildiyi və respublikanın informasiya blokadası yaşadığı bir zaman canlı yayımda "Azadlıq" radiosunun efirindən baş verənlər barədə məlumatı çatdırması olub.

Allah rəhmət eləsin!