Avtomobil qəzasına düşdü, gözləri açıldı

Həkimlər baş verənlərin dəqiq səbəbini deyə bilmirlər. Qoray xəstəxanadan evə yazılandan sonra araşdırmalarda iştirak etmək istəməyib
Sputnik

BAKI, 2 fevral — Sputnik. Polşada kor kişini maşın vurduqdan sonra onun gözləri açılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Mirror" yazıb.

Yanuş Qoray iyirmi il əvvəl görmə qabiliyyətini itirib. Allergiya səbəbilə onun sağ gözündə problem yaranıb, sonra isə sol gözünə keçib. Sol gözü ilə o, əşyaların formasını və işığı sezə bilirmiş.

Piyada keçidində avtomobil altına düşəndən sonra Qorayı bud nahiyəsindən əməliyyat ediblər. İki həftə reabilitasiyadan sonra isə kişinin qəflətən görmə qabiliyyəti bərpa olub. Bundan başqa, belə qısa müddət ərzində onun qəza zamanı aldığı bütün zədələr də sağalıb.

​Bu qeyri-adi hadisəni xəstəxanada təyin edilən dərmanların "yan təsirləri"nin ayağına yazırlar. Xəstə özü isə hesab edir ki, gözlərinin açılması əvvəlcə qəza zamanı başının maşının kapotuna, sonra isə asfalta dəyməsi ilə əlaqədardır. 

Həkimlər baş verənlərin dəqiq səbəbini deyə bilmirlər. Qoray xəstəxanadan evə yazılandan sonra araşdırmalarda iştirak etmək istəməyib. Ancaq həkimlərlə də birdəfəlik sağollaşmayıb, o indi həmin xəstəxanada gözətçi işləyir.