İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 2 fevral — Sputnik. "İstifadə etdiyimiz suyun 70 faizi kənardan ölkəmizə çirklənmiş halda daxil olur. Lakin su ehtiyatımızın çox hissəsinin kənardan daxil olmasına baxmayaraq, istifadə zamanı israfçılığa yol verilir, sudan səmərəli istifadə edilmir".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
O qeyd edib ki, içməli suyun ən çox istifadə edildiyi Bakı şəhərinə uzaq məsafələrdən su gətirilir, bu da o deməkdir ki, Bakı və Abşeron yarımadasının özünün içməli su ehtiyatı yoxdur.
Əhaliyə verilən içməli su necə təmizlənir? Sputnik Azərbaycan bu məsələni araşdırıb.
"Azərsu" ASC-nin məbtuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün qurum müxtəlif mənbələrdən suyu təmizləyərək əhalini içməli su ilə təmin edir.
"Çaydan, anbardan götürülən su təmizlənir. Çay yataqlarında qurulmuş drenaj suqəbuledici qurğular, artezian, subartezian və s. qurğularımız var. Bu gün əhalinin su ilə təmin edilməsi üçün "Azərsu" ASC-nin regionlarda subartezian quyular da daxil olmaqla yüzlərlə mənbəsi var. Bizim əsas sutəmizləyici qurğumuz Ceyranbatan gölünün, Kür çayının, Şəmkirçay su anbarının, Xanbulanda, Mingəçevir su dəryaçasının sahilindədir. Bunlarda təmizlənmə tam standartlara uyğun şəkildə həyata keçirilir".
A.Cəbrayıllı qeyd edib ki, bəzən çaylara kanalizasiya sularının axıdılması barədə məlumatlar yayılır. Amma "Azərsu" ASC-nin təmizləyici qurğuları həmin suları tam təmizləmə gücünə malikdir: "Həmin qurğular suyu mikroblardan, yad elementlərdən, torpaqdan, gildən tam təmizləyir. Məsələn, Kürün suyu bizim qurğulara qapqara daxil olub, dupduru – təmiz, şəffaf çıxır. Suların tərkibində olan bakteriya və mikroblar tam məhv edilir".
Onun sözlərinə görə, "Azərsu" ASC-nin təmizlədiyi suya nəzarəti Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir. Onlar daim suyun tərkibini yoxlayırlar. Və bu günə qədər hələ ki, heç bir kənarlaşmalar aşkar edilməyib.
Qar ehtiyatımız azaldıqca yeni problemlər yaşanacaq - ekoloqdan xəbərdarlıq>>
"Əgər su keyfiyyətsiz olsa və biz bunu əhaliyə vermək istəsək belə, Səhiyyə Nazirliyi buna icazə verməz, suyun verilməsi dayandırılar. Buna görə də əhali narahat olmamalıdır. Suyun təmizlənməsi standartlar çərçivəsindədir və nəzarətdədir", - deyə o bildirib.