Ərdoğan onların ordusuna 50 milyon dollar verəcək

Səfirin sözlərinə görə, "iqtisadi qarşılıqlı təsirlərin dərinləşdirilməsi üçün lazımi şərtlərin yaradılmasına rəvac verəcək siyasi dialoqun intensivləşdirilməsindən tutmuş, insanlar arasındakı münasibətlərə, mədəni əlaqələrədək hər şey gündəmdədir"
Sputnik

BAKI, 2 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Kiyevə səfəri çərçivəsində Ukrayna ordusunun ehtiyaclarını qarşılamaq üçün 50 milyon dollarlıq maliyyə yardımı razılaşması imzalanacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa deyib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin mətbuat xidməti daha öncə xəbər yaymışdı ki, Ərdoğanın Kiyevə səfəri zamanı prezidentlərin təkbətək görüşü, eləcə də Ukrayna və Türkiyə arasında yüksək səviyyəli Strateji Şuranın səkkizinci iclası keçiriləcək. Bildirilir ki, Strateji Şuranın iclasının yekununda bir sıra ikitərəfli sənədin imzalanması gözlənilir.

"Bu səfər çərçivəsində Türkiyə tərəfinin Ukrayna ordusunun ehtiyaclarını, ələlxüsus silah alınması üçün xərcləri qarşılamaq üçün 200 milyon türk lirəsi (50 milyon ABŞ dolları) məbləğində maliyyə yardımı ayıracağına dair saziş imzalanacaq. Biz əvvəlki illərdə də müvafiq məbləğlərdə bu cür sazişlər bağlamışıq", - deyə Sibiqa "Ukrinform"a müsahibəsində deyib.

Bundan əlavə, miqrasiya əməkdaşlığı sahəsində də sənədlərin imzalanacağı gözlənilir. Fövqəladə hallar üzrə xidmətlərin qarşılıqlı əlaqəsinə dair sənədlərin də hazırlandığı deyilir.

"Biz həmçinin qarşılıqlı olaraq sürücülük vəsiqələrini tanınması barədə müqavilənin imzalanacağını da gözləyirik, bu, hər iki ölkənin vətəndaşlarının hüquqlarının qorunmasının möhkəmlədilməsinə doğru atılan əməli addım olacaq", - səfir qeyd edib. 

Səfirin sözlərinə görə, "iqtisadi qarşılıqlı təsirlərin dərinləşdirilməsi üçün lazımi şərtlərin yaradılmasına rəvac verəcək siyasi dialoqun intensivləşdirilməsindən tutmuş, insanlar arasındakı münasibətlərə, mədəni əlaqələrədək hər şey gündəmdədir".