BAKI, 2 fevral — Sputnik. "Amazon"un baş direktoru Ceff Bezos sevgilisi Loren Sançeslə intim yazışmalarının mətbuata sızmasında sevgilisinin qardaşı Maykl Sançesi günahlandırıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə "Fox business" yazıb.
Sançes də öz növbəsində boş durmayıb, Bezosu böhtan atmaqda günahlandırıb. Onun qaldırdığı iddiada deyilir ki, Bezos Sançesi sevgilisi ilə yazışmalarının və fotolarının "National Enquirer" tabloidinin əlinə keçməsinə görə nahaqdan günahlandırır. M.Sançesin sözlərinə görə, Bezosun şikayətindən sonra Federal Təhqiqatlar Bürosunun əməkdaşları onun evinə basqın ediblər.
"The Wall Street Journal" bildirib ki, prokurorların əlində mətnlərin Loren Sançesin telefonundan qardaşının telefonuna göndərilməsi barədə dəlilləri var. Qəzet həmçinin yazıb ki, "Enquirer" yazışmaların əvəzində M.Sançesə 200 min dollar verib. Məhz bu məqalədən sonra Maykl Sançes Bezosa qarşı iftira iddiası qaldırıb.
Loren Sançes də sevgilisindən və tabloidlərdən geri qalmayaraq qardaşını məlumat sızdırılmasında günahlandırıb.