BAKI, 2 fevral — Sputnik. Amerikanın ən məşhur "meteoroloq" marmotu Fil bazar günü baharın proqnozunu verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ABŞ-da hər il fevralın 2-də Marmot Günü qeyd olunur. İnanca görə, həmin gün yuvasından çıxan marmota diqqət etmək gərəkdir. Hesab edilie ki, əgər marmot öz kölgəsini görmədən yuvasını sakitcə tərk edirsə, deməli, tezliklə qış qurtaracaq, yaz gələcək. Əgər hava günəşlidirsə, marmot öz kölgəsini görür və ondan qorxur, yenidən yuvasına girir - deməli, hələ qış uzanacaq.
Bazar günü ənənəyə sadiq qalan minlərlə Panksatoni (Pensilvaniya ştatı) sakini marmot Filin proqnozunu öyrənmək üçün onun yuvasının yanında toplaşıb.
Yerli vaxtla 7.25-də yuvadan çıxan Fil öz kölgəsini görməyib.
"Kölgəm yoxdur, ona görə də bahar erkən olacaq", - "Marmotlar Klubu"nun üzvü Filin adından yazılmış məktubu oxuyub. Hadisəni CNN canlı yayımla göstərib.