İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 1 fevral — Sputnik. Bir vaxtlar kənd klubları insanların mədəni istirahətində və dünyagörüşünün formalaşmasında böyük rol oynayıb. Burada müxtəlif konsert və proqramlar, maraqlı tədbirlər keçirilib. İndi isə bir çox kəndlərdə onların yalnız adı qalıb.
Binası qəzalı vəziyyətdə olan və fəaliyyəti demək olar ki, dayanan belə mədəniyyət ocaqlarından biri də Tovuz rayon Düz Qırıqlı kəndində yerləşən “Folklor Evi”dir. Bir vaxtlar bölgənin ən böyük klubu olmuş mədəniyyət ocağının hazırkı görüntüsü ürək ağrıdır.
Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan sakinlər 1952-ci ildə tikilən binanın yenidən təmir olunaraq öz əvvəlki şöhrətini qaytarmasını istədiklərini söyləyiblər.
Kənd sakini Vəli Namazov klubun vaxtilə qərb bölgəsində ən böyük klub olduğunu diqqətə çatdırıb: “Bu, vaxtilə ən yaxşı, ən böyük bina olub. Qazax-Gəncə regional müşavirələri bu klubda keçirilib. Bakıdan olan konsertlər hamısı burada təşkil olunub. O dövrün bütün müğənnilərinin konsertlərinə baxmışıq. 400-dən çox oturacağı olub. Konsert olanda camaat evindən stullar gətirib aralara düzürdü, 500-dən çox adam tuturdu. Biz istərdik ki, bura həmişəki şöhrətini yenidən bərpa etsin”.
Digər kənd sakini Əvəz Xəlilov Mərkəzi Komitənin birinci katibi olarkən Heydər Əliyevin özünün bu binada iki dəfə zona müşavirəsi keçirdiyini söyləyib.
“Ən yaxşı iclaslar, konsertlər, teatrlar bu klubda olub. Elə olub hamı baxa bilmədiyi üçün konserti 2-3 dəfə təkrar veriblər. O vaxt Mərkəzi Komitənin katibi olarkən Heydər Əliyev iki dəfə burada zona müşavirəsi keçirib. Biz də aidiyyəti təşkilatlardan buranın əvvəlki vəziyyətinə qaytarılmasını istəyirik”, – deyə Ə.Xəlilov bildirib.
Hazırda “Folklor Evi” adlanan binanın direktoru Raya Musayeva isə şəraitsizlik səbəbindən binada heç bir tədbir keçirə bilmədikərini söyləyir: “Bizim əvvəllər bu mədəniyyət evində aşıqlar ansamblımız, bədii özfəaliyyət dərnəyimiz var idi. Uşaqlar kiçik səhnəciklər hazırlayırdılar. Sonra şəraitsizlik səbəbindən onları ləğv etməli olduq. İndi biçmə-tikmə və rəsm dərnəyi var ki, dərsləri otaq və koridorda keçirik. Lakin bir müddətdir orada seçki məntəqəsi fəaliyyət göstərdiyindən o məşğələlərə də ara vermişik”, – deyə məlumat verib.
Binanın taleyi barədə Sputnik Azərbaycan-a açıqlama verən Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Xəyal Nağiyev isə “Folklor Evi”nin gələcək taleyinə aydınlıq gətirib: “Təəssüflər olsun ki, hazırda binanın durumu ürəkaçan vəziyyətdə deyil. Lakin xoş xəbər də var. Artıq Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən təşəbbüs irəli sürülüb və qarşıdakı mövsümdə “Folklor Evi” təmir ediləcək”.
İdarə rəsmisi bina təmir olunduqdan sonra yeni avadanlıqlarla təchizinin də nəzərdə tutulduğunu qeyd edib.