BAKI, 1 fevral — Sputnik. Masallı rayonu 40.3% səs toplayaraq 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyub və "Gənclər Paytaxtı 2020" adını qazanıb. Sputnik Azərbaycan-a Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edib.
Builki səsvermə iki region - Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi 7 gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərindən Masallı rayonu birinci sıraya keçib və səsvermənin sonuna kimi liderlik mövqeyini əldən verməyib. Nəticədə, Masalı rayonu 40.3% səs toplayaraq 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyub və "Gənclər Paytaxtı 2020" adını qazanıb.
Qeyd edək ki, 2012-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər Paytaxtı" internet müsabiqəsi keçirilir. Bu layihə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Bu il də istisna olmamış və 24 yanvar 2020-ci il tarixindən start götürmüş müsabiqə 30 yanvar 2020-ci ildə sona çatıb. Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib. Ümumilikdə sayta 3602395 nəfər daxil olub ki, onlardan da 90849 nəfəri bu ilin payına düşür. Hər il Gənclər Paytaxtının adı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə rəsmi olaraq açıqlanır və paytaxtın rəmzi açarı şəhərin rəsmi nümayəndəsinə təqdim olunur.