CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Necə edək ki, Çindən gələnlər uşaqlarımızı məhv etməsinlər

Bu işi tək öz üzərinə götürən müəssisə bu yalan vədi yerinə yetirmək üçün Çindən ucuz və keyfiyyətsiz məktəbli formalarını gətirərək məktəblilərə geyindirəcək.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məktəbli formaları ilə bağlı aparılan ictimai müzakirəyə həsr olunmuş tədbir keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndələri Nadir İsrafilov, İlqar Orucov, Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və media nümayəndələri iştirak ediblər. Tədbirdə məlumat verilib ki, yeni məktəbli formasının hazırlanması ilə bağlı Təhsil Nazirliyində İşçi Qrupu yaradılıb. Həmin İşçi Qrupuna Bakı Tikiş Evinin (BTE) modelyeri, eləcə də, ictimaiyyət nümayəndələri daxil edilib. İşçi qrupunda məktəbli formasının ictimai müzakirəsi aparılıb. Bu gün həmin müzakirənin son mərhələsidir.

Hansı geyimlər məktəblilərin sağlamlığı üçün təhlükəlidir – ekspert danışır

Daha sonra çıxış edən Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva bildirib ki, o, çoxnövlü məktəbli formalarının tikilişi ilə bağlı böyük təcrübəyə malik olduğundan, həmin işçi qrupunda təmsil olunmaq üçün dəfələrlə cəhd edib. Buna baxmayaraq həmin İşçi Qrupu ilə əlaqə yarada, öz təkliflərini təqdim edə bilməyib: "Siz qeyd etdiniz ki, bu gün məktəbli formalarının hazırlanması ilə bağlı aparılan ictimai müzakirənin son mərhələsidir. Amma mən ölkədə çoxnövlü məktəbli formasının tikilişi ilə bağlı böyük təcrübəyə malik bir fabrikin direktoru kimi yeni məktəbli formalarının hazırlanması üçün dizaynların və digər təkliflərin verilməsində iştirak etməmişəm. Baxmayaraq ki, buna dəfələrlə cəhd etmişəm. Amma həmin işçi qrupu ilə əlaqə yarada bilməmişəm. Sonra öyrəndim ki, İşçi Qrupunun ictimai müzakirəyə çıxardığı məktəbli formaları bizim illərdir ki, tətbiq etdiyimiz, Şirvan və digər bölgələrdəki məktəblilərə tikdiyimiz formalardır. Əlimizdə bunu təsdiq edən sübutlar var. Buna baxmayaraq hansısa maraqlar üzərindən bizim tətbiq etdiyimiz formaların plagiatının BTE tərəfindən yeni bir məktəbli forması modeli kimi təqdim edilməsinə göz yumulub".

S. Babayeva bildirib ki, ən böyük narahatlığı isə məktəbli formalarının hazırlanmasının bir tikiş müəssisəsinə həvalə olunmasındandır: "Təhsil Nazirliyinin yeni müasir məktəbli formalarının hazırlanması barədə qərarı alqışlanandır. Amma çox təəssüf ki, bəzi maraqlı şəxslər məktəbli formasının tikilişini yenidən bir tikiş müəssisəsinin monopoliyasına vermək istəyirlər. Biz hesablamışıq ki, respublika üzrə məktəbliləri forma ilə təmin etmək üçün ən azı 9 tikiş müəssisəsi bu işlə məşğul olmalıdır. Maraqlıdır, belə olan halda yalnız bir müəssisə bu işin öhdəsindən keyfiyyəti təmin etmək şərtilə necə gələ biləcək? Sözsüz ki, bu işi tək öz üzərinə götürən müəssisə bu yalan vədi yerinə yetirmək üçün Çindən ucuz və keyfiyyətsiz məktəbli formalarını gətirərək məktəblilərə geyindirəcək. Məktəbli formasında təkcə dizayn və modeli nəzərə almaq yetərli deyil. Bu məsələdə şagirdlərin sağlamlığı mövzusun çox önəmlidir. Məktəbli formalarının hazırlanmasında iqlim şəraiti, azərbaycanlı uşaqların fiziki inkişaf göstəriciləri nəzərə alınmalıdır. Elə parçadan istifadə edilməlidir ki, şagirdin dərisi nəfəs ala bilsin".

Daha sonra çıxış edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məktəbli formalarının hazırlanması ilə bağlı aparılan ictimai müzakirənin şəffaf keçirilməli olduğunu söylədi: "İndi biz bilirik ki, belə bir ictimai müzakirə aparılıb. Məktəbli formalarının hazırlanması ilə bağlı məsələdə ictimai nəzarət təmin olunmalıdır. Bu işi bir tikiş müəssisəsinə həvalə etmək yolverilməzdir. Bu məsələ ilə bağlı yaradılan işçi qrupunda da şəffaflıq təmin edilməli idi. Bu qrupun yalnız bir tikiş müəssisəsinin təqdim etdiyi forma modellərini ictimai müzakirəyə çıxarmasl doğru deyil. Əgər belə bir ictimai müzakirə aparılırdısa, bütün tikiş müəssisələrinə öz modellərini təqdim etmək üçün şərait yaradılmalı idi. Təhsil Nazirliyinin adı hazırda şagirdlərin geyindiyi məktəbli formalarında maraqlı tərəf kimi hallanır. Yenidən bunun təkrarlanmasına yol vermək olmaz. Əgər məktəbli formaları yenidən bir müəsisə tərəfindən hazırlanacaqsa, burada sözsüz ki, istehlakçı hüququ pozulacaq. Həm formanın keyfiyyətində problem olacaq, həmçinin də qiymət diktəsinə gətirib çıxardacaq. istehlakçılardan gələn məlumatlar Bakı Tikiş Evinin bazarda hökmran mövqe tutduğunu göstərir. Digər şirkətlər də uyğun məktəbli formaları tikməyə cəhd göstərirlər. Şirkətlər elan olunmuş standartlara uyğun formaları tikmək üçün səlahiyyətləri olmalıdır. Bu, bazarda keyfiyyətin yüksəlməsi, qiymətin aşağı düşməsi ilə nəticələnə bilər. BTE-nin bazarda inhisarçı olaraq qalması bazar prinsiplərinə uyğun deyil. Digər fabriklər də bu formaların tikilməsi hüququna malik olmalıdır. Bu da reallıqdır ki, bəzi iş adamları xarici ölkələrdən keyfiyyətsiz parçalar gətirirlər. Bu parçalardan hazırlanan geyimlər insan sağlamlığı üçün təhlükəlidir".

Bakıda ağır xəstə olan məktəblinin evdə təhsil hüququ məhdudlaşdırılır

Çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndələri Nadir İsrafilov və İlqar Orucov isə məsələnin Şuranın diqqətində saxlanılacağını bildiriblər. N. İsrafilov bildirib ki, Təhsil Nazirliyinin məktəbli formasının hazırlanmasında ictimai rəyi öyrənməsi müsbət haldır: "Bu məsələ Təhsil Nazirliyində müzakirə edildikdə, bizim İctimai Şura yaranmamışdı. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində belə bir tədbirin keçirilməsi ictimaiyyətin bu mövzuya diqqətini yenidən cəlb etdi. Biz də çalışacağıq ki, burada səsləndirilən fikirlərlə bağlı öz iclaslarımızda müzakirə aparaq. Təhsil Nazirliyi də bəyan edib ki, məktəbli formalarının hansı tikiş müəssisəsi tərəfindən tikilməsi onların səlahiyyətinə aid olan məsələ deyil. Amma sözsüz ki, biz də onun tərəfdarıyıq ki, bu məsələdə şəffaflıq olsun. İşçi Qrupu bir tikiş müəssisəsinin yox, bu işdə təcrübəsi olan digər müəssisələrin də təkliflərini qəbul etsin".

İlqar Orucov isə məktəbli formalarının hazırlanması ilə bağlı müzakirələrdə şəffaflığın təmin olunmasının vacibliyini vurğulayıb. O, bildirib ki, İctimai Şura bu məsələni müzakirə etdikdən sonra yekun rəy və təkliflər təhsil nazirinin də diqqətinə çatdırılacaq!