Koronavirusdan necə qazanırlar?

Bu arada Çində tibbi maskaların qiymətini 10 dəfə qaldıran bir aptekin sahibinə 432 min dollar cəza kəsilib
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Çindən artıq dünyaya yayılmaqda olan koronavirusdan böyük miqdarda pul qazananlar var.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bunlar dərman istehsal edən şirkətlərin, eləcə də kimyəvi qorunma vasitələri istehsalçılarının aksiyalarının sahibləridir. Bu barədə sövdələşmələrin nəticələrindən bəlli olub.

Ən çox koronavirus testini işləyib hazırladığını bəyan edən "Novacyt" şirkətinin səhmlərinin qiyməti qalxıb. Həmin test insanın virusa yoluxub-yoluxmadığını təyin edir. Şirkətin səhmləri sövdələşmə sessiyasında yanvarın 31-də 68.7 faiz artıb.

Çindən Azərbaycana gələn bir neçə tələbə həkim nəzarətinə götürülüb

Tibbi maska və kimyəvi qorunma vasitələri istehsal edən şirkətlər də "hörmətdədir" - "Allied Healthcare"in səhmləri 27.5%, rəqibləri "Lakeland Industries", "Alpha Pro Tech" və "3M"in kağızları isə müvafiq olaraq 5,1, 6,2 və 0,3 faiz bahalanıb.

Farmasevtik şirkətlərdən "Inovio" (13,3 faiz), "Vir Biotechnology" (4,7 faiz), "Novavax" (2,3 faiz) və "Gilead Sciences"in (0,05 faiz) də səhmlərinin qiyməti çoxalıb.

"Inovio"ya marağın artmasına səbəb koronavirusdan vaksin hazırlanması üçün bu şirkətə 9 milyon dollar qrant verilməsi xəbəri olub.

Bu arada Çində tibbi maskaların qiymətini 10 dəfə qaldıran bir aptekə 432 min dollar cəza kəsilib.

Bu günə olan məlumata görə, koronavirusa yoluxanların sayı 9.8 min, ölənlərin sayı 213-dür. 207 nəfər isə bu virusdan sağala bilib.