MƏDƏNİYYƏT

"Xurmalar yetişən vaxt" Brüsseldə - VİDEO

Daha əvvəl rejissorun "Ad Günü" filmi Belçikanın "Bridges" Film Festivalında, "Adsız Yüksəkliklər" filmi isə Almaniyanın "Cottbus" Film Festivalında nümayiş olunmuşdu.
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində Brüssel İncəsənət Sarayında (BOZAR) təşkil edilən "Bridges" film festivalında rejissor Hilal Baydarovun "Xurmalar yetişən vaxt" filmi nümayiş olunub. Sputnik Azərbaycan xəbər verir ki, film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib. Filmin nümayişindən sonra rejissor H.Baydarov tamaşaçıların suallarını cavablandırıb.

Daha əvvəl rejissorun "Ad Günü" filmi Belçikanın "Bridges" Film Festivalında, "Adsız Yüksəkliklər" filmi isə Almaniyanın Cottbus Film Festivalında nümayiş olunmuşdu.

"Xurmalar yetişən vaxt" filmi nədən bəhs edir?

Rejissor Hilal Baydarovun filmində vaxtı tənzimləyən əsas amil hələ də torpaqdır. Hər yay olduğu kimi, Baydarov və qardaşı ata evində tək qalmış analarına baş çəkməyə gedirlər. Xurmanın yetişən vaxtlarıdır. Bu mövsüm də kənddə yaşayan insanlar məhsulun yığımı, hazırlanması və saxlanması üçün bir araya gəlirlər. Rejissorun ailəsi üçün xoşbəxt bir gün olsa da, mövsüm sona çatanda ana yenidən öz təkliyi ilə baş-başa qalacaq.

Jestlərdən, hərəkətlərdən təsirlənən Baydarov günbəgün sevdiklərinin bədənlərini sanki əzəmətli bir xoreoqrafiya nümunəsi kimi öz kamerasının obyektivinə alır.

Beləliklə evini, ailəsini və yaşadığı yeri tərk etməyin kədərli hissiyyatını özündə ehtiva edən səmimiyyəti tamaşaçıya çatdırır.

Qeyd edək ki, "Xurmalar yetişən vaxt" filmi 2019-cu ildə lentə alınıb.