CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su problemi dirilərdən qurtarıb, indi də keçib ölülərə - REPORTAJ

Qəbiristanlıqlara su çəkilməsi üçün qəbiristanlıqlara nəzarət edən qurumlarla "Azərsu" arasında müqavilə bağlanılmalıdır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Qəbiristanlıqlar bələdiyyələrin balansına verilsə də, məzarlıqlarda bir sıra problemlər hələ də qalmaqdadır. Qəbiristanlıqlarla bağlı problemlərdən biri də məzarlıqlara su xəttinin çəkilməməsidir. Sputnik Azərbaycan qəbiristanlıqlarda yaşanan su problemini araşdırıb.

Abşeronun ən böyük qəbiristanlıqlarından olan Xırdalan məzarlığı da bu problemdən xali deyil. Abşeron rayon sakini Səkinə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəbiristanlığa su xəttinin çəkilməməsi üzündən, ölü sahibləri hər məzarın yanına bir su çəni qoymaq məcburiyyətində qalıblar:

Su problemi dirilərdən qurtarıb, indi də keçib ölülərə - REPORTAJ

"Qəbiristanlıq olsa da, burada suya ciddi ehtiyac var. Yaxınını dəfn edənlər məcbur olub suyu pulla alırlar. Mən nə qədər adam görmüşəm ki, ölüsünü ziyarət etməyə gələndə özü ilə su gətirir. Adamın ürəyindən keçir ki, ölüsünün məzarının yanına bir ağac, gül əksin. Su problemi olduğundan, bunu edə bilmirik. Siz də qəbiristanlığı gəzsəniz görəcəksiniz ki, burada su problemi var. Kimin imkanı varsa, öz əzizinin məzarının yanına su çəni qoyub. Həmin çənləri də su daşıyan maşınlara pul verib doldururlar. Qəbiristanlıq elə bir yerdir ki, burada suya hər zaman ehtiyac olur. Ölümüzü dəfn edəndə, üzərinə məzar daşı qoyduranda, doğmamızın məzarı üzərində ağlayanda bir damcı su tapılmır ki, istifadə edək. Heç olmasa qəbiristanlıqlarda bir neçə yerə su çəkilsə bu problem aradan qalxar".

Su problemi dirilərdən qurtarıb, indi də keçib ölülərə - REPORTAJ

Sputnik Azərbaycan-a bu məsələ ilə bağlı açıqlama verən "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbayıllı bildirib ki, qəbiristanlıqlara su çəkilməsi üçün qəbiristanlıqlara nəzarət edən qurumlarla "Azərsu" arasında müqavilə bağlanılmalıdır: "Qəbiristanlıqlara su vermək bizim səlahiyyətimizdə olan məsələ deyil. Məzarlıqlara nəzarət edən qurumlar var. Həmin qurumlar ehtiyac olan qəbiristanlıqlara su verilməsi üçün bizə rəsmi şəkildə müraciət etməlidirlər. Bundan sonra "Azərsu" ASC ilə həmin təşkilat, yaxud da qurum arasında müqavilə bağlanır. Yalnız bundan sonra qəbiristanlıqlara su xətti çəkilə və su verilə bilər".

Su problemi dirilərdən qurtarıb, indi də keçib ölülərə - REPORTAJ

Xırdalan qəbiristanlığının Elsəvər adlı nümayəndəsi isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəbiristanlığa bu yaxınlarda su xətti çəkilib: "İndiyədək bu qəbiristanlığa nəzarət edən şəxslər bu problem biganə yanaşıblar. Ona görə də, hər kəs bir su çəni alıb doğmasının məzarının yanına qoyub ki, gələndə su tapsın. Amma bu yaxınlarda qəbiristanlığın girişinə su xətti çəkilib. Artıq ölü sahibləri bu su xəttindən istifadə edə bilərlər".

Nəzarətçi bildirib ki, su daimi olmadığından, əraziyə su çəni qoyulub: "Su səhər və axşama doğru vurulur. Ona görə çən alınıb ki, camaat gələndə su tapa bilsin. Amma qəbiristanlığın içəri hissələrinə su çəkmək mümkün deyil. Buraya gələnlərin çoxu məzar yerlərinin yanına qoyduqları su çənini su maşınları ilə doldururlar".

Su problemi dirilərdən qurtarıb, indi də keçib ölülərə - REPORTAJ

Qeyd edək ki, hazırda Bakı və Abşeronda qəbiristanlıqların mütləq əksəriyyəti ərazi üzrə bələdiyyələrin balansına verilib. Elə Xırdalan qəbiristanlığı da Xırdalan bələdiyyəsinin balansındadır. Bələdiyyənin üzvü Zaur Talıbzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sakinlərin narazılığı artıq öz həllini tapıb.

Məlumat üçün bildirək ki, Xırdalan qəbiristanlığında su problemi öz həllini tapsa da, hələ də su xətti çəkilməyən məzarlıqlar var...