BAKI, 30 yanvar — Sputnik. "Hazırda dünyada 140 milyon hektar sahədə şumsuz becərmə (sıfır becərmə) texnologiyasından istifadə olunur. Bu texnologiya hərtərəfli - torpaqlarda münbitliyin, nəmliyin saxlanması və s. baxımından sərfəlidir".
Bunu Sputnik Azərbaycan-a iqlim dəyişmələri ilə bağlı yeni texnologiyaların tətbiqindən danışarkən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai deyib.
O bildirib ki, bu texnologiyada şum aparılmır və birbaşa şumsuz sahədə səpin aparılır: "Burada bitki qalıqları sahələrə tökülür. Düzdür, burada məhsuldarlıq nisbətən aşağı olsa da, amma iqtisadi baxımdan rentabellidir. Çünki şum aparılmır, gübrə verilmir və s. Məsələn, Argentinada ümumi əkin sahəsinin 80 faizi məhz bu texnologiyadan istifadə edir. ABŞ-da 20 faizdən çox sahədə şumsuz becərmə texnologiyasından istifadə edilir. Çünki deqredasiya gedir, torpaqların strukturu pozulur. Torpağı saxlamaq üçün bu texnologiyalardan geniş istifadə olunmalıdır. Yeni texnologiyaların qurulması vacib məsələdir".
Qeyd edək ki, son onilliklərdə dünyada şumsuz əkinçilik sistemi, "No-Till" geniş vüsət alıb. Məsələn, Cənubi Amerikada ilk eksperiment "No-Till" metodunun istifadəsi üzrə 1971-ci ildə Braziliyada başlayıb. Taxıl biçinindən sonra kövşənliklərə şum etmədən birbaşa qarğıdalı, günəbaxan, soya, darı, lobya və s. toxumları səpilir. Həmin sahələrdən aralıq bitkilərinin məhsulları payızlıq dənli taxıl bitkilərinin səpin müddətinə qədər sahələrdən toplanır və yenidən səpin işləri həmin qayda ilə, yəni sıfır becərmə ilə davam etdirilir.