Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 30 yanvar — Sputnik. Ağ qənd bizim məişətimizə möhkəm daxil olmuş məhsullardandır. O qədər möhkəm daxil olub ki, hətta məşhur andlarımızdan biri də onunla bağlıdır: "Əgər yalan deyirəmsə, gözüm bu qənd kimi ağarsın". Bu günlərdə ağartmaq üçün qəndin tərkibinə qatılan maddə ilə bağlı yayılan məlumat isə, deyəsən, bu andın "axırına çıxacaq". Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda qənd məhsullarına "Natrium disionid" adlı ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub.
Onun sözlərinə görə, bu şəxs Azərbaycanda sex açaraq fəaliyyət göstərib: "Həmin sexdə isə sözügedən kimyəvi maddə şəkərə əlavə edilib. Biz tövsiyə etmirik ki, hər hansı kimyəvi maddə təkrar şəkərə qatılsın. Burada müəyyən texnoloji ardıcıllıq var və həmin texnoloji ardıcıllığa riayət olunsa, heç bir əlavə qatqılara ehtiyac olmayacaq".
AQTA-nın məlumatında bildirilir ki, sexin anbarına baxış keçirilərkən tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən 79 kq toz halında ağardıcı kimyəvi maddə aşkar olunub. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin maddə uzun müddət ərzində İrandan ölkəmizə gətirilərək müxtəlif qənd istehsalı sexlərinə satılmaqdadır.
Sputnik Azərbaycan İmişli Şəkər Zavodunda qəndin ağardılması prosesinin hansı texnoloji ardıcıllıqla aparılmalı olduğunu araşdırıb. Zavodun laboratoriyasının əməkdaşı, kimyaçı-mühəndis Qabil Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəndin ağardılması texnoloji prosesdən keçməlidir. Həmsöhbətimiz deyir ki, qəndə kimyəvi maddə vurmaqla onun rəngini ağartmaq insan orqanizmi üçün çox təhlükəlidir: "Çox təəssüf ki, hazırda qənd istehsal edən kiçik sexlərin mütləq əksəriyyətində qəndin ağardılması üçün texnoloji avadanlıq yoxdur".
Q. Həsənov bildirir ki, qənd istehsal edən müəssisələrdə mütləq şəkildə "sentrifuqa" qurğusu olmalıdır: "Bu qurğunun qiyməti baha olduğundan, qənd istehsal edən sexlər bu avadanlığı almırlar. Qənd bişirildikdə onun rəngi qəhvəyi olur. "Bəllidir ki, qənd əldə etmək üçün şəkər tozu qaynadılır. Bu zaman onun rəngi dəyişərək tündləşir. Şəkər tozundan ağ kəllə qənd istehsal etmək üçün texnoloji proses aparılmalıdır. Bunun üçün "sentrifuqa" adlanan qurğuda qənd ağardılma prosesindən keçməlidir. "Sentrifuqa" aparatı mərkəzdən qaçma qüvvəsi ilə qəndin tərkibindəki rəngli maddələri ayırır. Bu qurğudan keçən qənd ağ rəngdə çıxır. Qənd texnoloji prosesə uyğun olaraq bu qurğu vasitəsilə ağardılmalıdır".
Kimyaçı-mühəndis deyir ki, hazırda kiçik sexlərdə qəndin ağardılmasında istifadə edilən ağardıcı maddə, tekstil sənayesində, kağız istehsalında ağardıcı kimi istifadə olunur.
Q. Həsənovun sözlərinə görə, zavodda istehsal prosesi qapalı mühitdə aparılır. Xam məhsulun qəbulundan qablaşdırılmasınadək məhsula insan əli dəymədən tam avtomatlaşdırılmış avadanlıqlarla istehsal edilir: "Qaynadılaraq şəkər çəlləklərinə doldurulan maye soyuduqdan sonra ağardılması üçün "sentrifuqa" qurğusuna yerləşdirilir. Burada ağarma prosesindən keçdikdən sonra kəllə qəndlər çəlləkdən çıxardılaraq qurudulması üçün kameralara yerləşdirilir. Məhsul bundan sonra doğranma, ələnmə, paketlənmə prosesindən keçir. Hazır məhsul qablaşdırıldıqdan sonra da 42 dərəcə temperaturlu depoda nəmliyi alınmaq üçün saxlanılır. Bundan sonra hazır məhsul saxlanma anbarına yerləşdirilir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sexlərin qəndin ağardılmasında kimyəvi maddədən istifadə edildiyi barədə dəfələrlə həyəcan təbili çalıb: "Biz ölkədə istehsal edilən 27 növ qəndin akreditasiya olunmuş laboratoriyada ekspertizasını keçirtdik. Ekpertizanın rəyindən məlum oldu ki, şəkər tozundan kəllə qənd istehsal edən kiçik sexlərin əksəriyyəti qəndin ağardılması zamanı insan orqanizmi üçün ciddi fəsad yaradan kimyəvi maddədən istifadə edirlər. Şəkər tozundan ağ kəllə qənd istehsal etmək üçün texnoloji proses aparılmalıdır. Bunun üçün "sentrifuqa" adlanan qurğuda qənd ağardılma prosesindən keçməlidir. Bu qurğu mərkəzdən qaçma qüvvəsinə əsaslanır. "Sentrifuqa" yəni sürətli fırlanma prosesi hesabına qəndin tərkibindən rəngli maddə ayrılır və ağ qənd qalır. Amma bu gün ölkədə fəaliyyət göstərən kiçik qənd sexlərində bu qurğu yoxdur. Bizim akreditasiya olunmuş laboratoriyada apardığımız ekspertiza zamanı məlum oldu ki, həmin sexlər qəndi ağartmaq üçün qeyd etdiyim kimi, çox təhlükəli maddədən yararlanırlar. Bu, "sodium hidrosulfit" adlanan maddədir. Bu maddənin tərkibi kükürdlə zəngindir. Mədə-bağırsaq fəaliyyətinin pozulmasına səbəb ola biləcək kükürd tərkibli "sodium hidrosulfit" maddəsindən qida istehsalında norma daxilində istifadəyə icazə verilir. Bildiyim qədər qənd istehsalında bu maddənin istifadəsi qəti yolverilməzdir. Çox təəssüf ki, ölkədə qənd istehsal edən sexlər, "sentrifuqa" adlanan qurğunu almaq baha başa gəldiyindən, istehlakçıların sağlamlığını təhlükə altına ataraq kükürd tərkibli "sodium hidrosulfit"dən istifadə edirlər. Bunun qarşısı ciddi şəkildə alınmalıdır!"
AQTA-dan Sputnik Azərbaycan-a bildirilib ki, bir sıra qənd istehsalı sexlərində istifadə olunan maddənin xarici görünüşü tozşəkilli, kəskin, spesifik iyli, tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən və insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsidir: "Qeyd olunan maddənin əsasən tekstil sənayesində və kağız istehsalı müəssiələrində ağardıcı kimi istifadə olunduğu müəyyən edilib. Baxış zamanı bir sıra qənd istehsalı müəssisəsində natrium ditionit aşkar edilərək maddi sübut kimi götürülüb. Eyni zamanda, həmin müəssisələrdə istehsal olunan məhsullardan sınaq nümunələri götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks müayinələr laboratoriyasına təqdim edilibdir. Sınaq nəticələrinə əsasən götürülmüş nümunələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan natrium ditionit aşkar edilib və kükürd dioksidin (SO2) kütlə payının qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub. İstehsal olunmuş və tərkibində natrium ditionit aşkar edilmiş qənd partiyalarının satış üçün dövriyəyə çıxarılmasının qarşısı alınıb".