BAKI, 30 yanvar — Sputnik. Yəqin hər birimizin öz sevimli nağılı, hekayəsi var. Və həm də çox yəqin ki, onun qəhrəmanı haqqında arzuları. Elə bu kədərli hekayə və qəhrəmanının arzuları kimi...
Sputnik Azərbaycan xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının bu mövsüm yaradıcılıq planında yer alan "Balaca qara balıq" tamaşasının səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşa üç aktyorun kuklalar və paralel olaraq canlı planda oyunu ilə fərqlənəcək.
Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandıracaqları obrazlarda əsərin ideya tələbinə uyğun olaraq müəyyən texniki həll və mətn dəyişiklikləri aparılıb.
Səhnə məşqlərinə start verilən tamaşanın hazırlıq prosesini izləyərkən rejissorun əsərə tam fərqli rakursdan baxdığını və onun ümumi ideyasını yüngülləşdirməklə, həm də istənilən yaş kateqoriyasında baxımlı edəcək vizual keyfiyyətləri ön planda təqdim etməklə həllə nail olduğunu gördük.
Tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova açıqlamasında bildirdi ki, yazıçı, publisist, pedaqoq və ən əsası bütöv Azərbaycan sevdalı güneyli Səməd Behrənginin nəinki "Balaca qara balıq", ümumilikdə bütün əsərlərində xalqımızın azadlıq, birlik, bərabərlik arzuları özünün mükəmməl bədii inikasını tapmışdır: "Behrənginin siyasi alleqoriya janrındakı qeyd etdiyimiz hekayəsi bu mənada müəllifin ən məşhur əsəridir. Burada öz ideyalarını balaca balığın dili ilə ifadə edən müəllif əzm və hüzn notlu hekayə vasitəsilə oxucunu amal uğrunda ölməyin belə gözəlliyi ilə tanış edir. Əsərə məhz bütün mübarizələrin nəticəsindən asılı olmayaraq, mübarizi qalibdir düşüncəsi ilə yanaşan kuklaçılar tamaşaçılara cəsarətli balığın yeni sular kəşfini maraqlı boyalarla təqdim edəcək. Bir çoxumuzun arzularında gizlənən azadlıq, hür yaşamaq istəyi "Balaca qara balıq"ın timsalında özünün mükəmməl bədii həllini tapıb. Dramatik sonluqla bitən balaca balığın hekayəsini teatrın ümumi ideya və meyarlarına uyğun formada hazırlayacaqlarını da əlavə edərək balığın ölümü və nəticəsiz mübarizəsini fərqli formada, bir növ, bütün həqiqətlərin əbədi qələbəsi kimi verəcək".
Tamaşanın quruluş müəllifi, məşhur kuklaçı rejissor Namiq Ağayev hər kəsə bəlli balıq-insan dramını elə bütün tamaşaçılar üçün baxımlı edəcəyini deyir: "Balaca qara balıq" mövcud həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir. Balaca qara balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, özündə ətalət mühitini tərk gücü tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Beləcə getdiyi hər yerdə, üzdüyü hər suda özünün mübarizlik toxumlarını səpən balaca qəhrəmanımız çoxillik rejissor fəaliyyətimdə mənim də ideal obrazlarım sırasındadır. Bilirsiniz ki, kukla, uşaq tamaşası rejissorluğu hər zaman mənim üçün ön planda olub. Çünki 5 fəaliyyət istiqamətimdən biri də rəssamlıqdır. Uşaqlıqdan paralel gedən bu istək və marağım kukla teatrı rejissoru kimi mənə çox şeydə yardımçı oldu. Kukla sənətinin hələ o vaxtlar az təbliğ olunmasına rəğmən mən bu istiqaməti seçdim və həyatımı Kukla Teatrı, bu unikal sənətlə bağladım. Sonra təbii ki, yaradıcılıq istiqamətin və həyat yolum dəyişdi və zaman elə gətirdi ki, mən yenidən bu teatra qayıtdım. Teatrın direktoru Rəşad Əhmədzadə mənə yenidən bu teatrda tamaşa hazırlamaq təklifini edəndə çox sevindim. Niyə? Çünki mənim üçün kuklaçılarla iş, bu janrda işə qəribə bir aclıq var. Ümid edirəm ki, böyük sənət enerjimi sərf edəcəyim tamaşa balaca tamaşaçılar üçün də maraqlı olacaq".
Daha çox kiçik yaş qrupu üçün səhnələşdirmə etdiklərini də əlavə edən rejissor bunu özünəməxsus şəkildə əsaslandırdı: "İdeyası və məramı tam başqa olan bu əsərə kiçik yaş qrupu üçün, balacaların gözündən baxıb-baxdırmağımızın öz mənası var. Balacalar üçün qoyulan əsərə böyüklər də maraqla baxdığı halda ona yaxşı tamaşa demək olar. Ancaq uşaqlar baxır və böyüklər üçün maraqsızdırsa, deməli bu, uşaqların, belə deyim də, başını qatmaq üçündür. Burada isə müəllif siyasi motivi önə çəksə də, şəxsi psixoloji-emosional gedişlər xüsusilə nəzərə çarpır. Behrəngi əsəri yazarkən onun məğzində həsrəti önə çəkib. Təbii ki, biz də bu həsrət, onun vüsalını qabardacağıq. Onun faciəsini də gözəl, estetik şəkildə təqdim edəcəyik. Bizim balaca qara balığımızın qırılan həyatını əbədiyyətlə tamamlayıb, özündən balaca balığı xilas etməklə ölümü ilə xoşbəxt barışmasını simvollarla nümayiş etdirəcəyik. Axı o, fədakardır, mübarizdir, xilaskardır və əbədi qalibdir".
Qeyd edək ki, quruluş müəllifi və heyətin iddialı olduğu tamaşa martın sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.