BAKI, 29 yanvar — Sputnik. Qüdssüz Fələstin dövləti ola bilməz. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Fələstin dövlətinin lideri Mahmud Abbas bildirib.
"Trampın bu axmaq sözlərini eşitdikdən sonra "Əsrin razılaşması" olaraq adlandırılan planına min dəfə yox deyirik. Diz çökməyəcəyik və təslim olmayacağıq. Sözdə "əsrin razılaşması" adlandırılan bu plan uğursuzluğa və yox olmağa məhkumdur", - deyə Abbas qeyd edib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp "əsrin razılaşması" çərçivəsində İsraillə Fələstinin yeni xəritəsini paylaşıb.
"Paytaxtı Yerusəlimin şərqində olacaq gələcək Fələstin dövləti belə görünə bilər", - Tramp yazıb.
"Mən həmişə İsrail dövlətinə və yəhudi xalqına dəstək verəcəm. Onların təhlükəsizliyini və tarixi vətənlərində yaşamaq hüquqlarını tam dəstəkləyirəm. Sülh zamanıdır", - Tramp qeyd edib.
Amerika lideri mesajlarını həmçinin ivrit dilində və ərəbcə təkrarlayıb.
Dərc olunmuş xəritəyə görə, Fələstini iki sərhəd keçidli magistralla İordaniya ilə birləşdirmək nəzərdə tutulur. Fələstinin Qərb sahili İordaniyadan İsrail torpağının şəridi ilə ayrılacaq. Bundan başqa, Qəzza zolağı əhəmiyyətli dərəcədə genişləndiriləcək. Ona Misirlə sərhəddəki iki iri rayon birləşdiriləcək. Trampın təklif etdiyi xəritədə Suriyanın Qolan təpələri də İsrail ərazisi kimi göstərilir.