MƏDƏNİYYƏT

Amerika heyrətə gəlib – Azərbaycanlı rejissorun beş filminə baxacaqlar

Azərbaycanlı rejissor Cəlaləddin Qasımov Amerika telekanalı ilə müqavilə imzalayıb və onun beş filmi ingilis dilində subtitrlərlə yayımlanacaq
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Azərbaycan kinematoqrafiyasının tarixində ilk dəfə rejissor Cəlaləddin Qasımovun beş filmi Amerika telekanallarının birində nümayiş etdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində rejissor özü məlumat verib.

Qasımov beş filmini - "Şollerin arxivi", "Edam günü", "100 illik şərəfli ömür", "Stalinin qaranlıq keçmişi" və "Nobel qardaşlarının ilk uğuru" - "The BeBop Channel Content Festival 2020" beynəlxalq festivalına göndərəndə layihənin münsiflər heyəti tərəfindən bütün filmlərinin bəyəniləcəyini və alınacağını ağlına belə gətirməyib.

Amerika heyrətə gəlib – Azərbaycanlı rejissorun beş filminə baxacaqlar

"Kino festivalında seçimlərin nəticələrinə görə, bütün bu filmlər Nyu-Yorkun "The BeBop Channel Corporation" onlayn televiziyasında nümayiş etdiriləcək. Mənim üçün bu, böyük sürpriz oldu. Çünki beş filmimin hamısının münsiflərin ürəyincə olacağını gözləmirdim. Ümumiyyətlə, bu filmlər dəfələrlə beynəlxalq film festivallarının mükafatlarına layiq görülüblər", - deyə Qasımov bildirib.

Rejissor artıq "The BeBop Channel Corporation"la müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, Qasımov telekanalın 12 min səhmini alacaq. İl ərzində onun filmləri pullu əsasda nümayiş etdiriləcək, yalnız bir ildən sonra o, baxışa görə faiz əldə edəcək.

Film ingiliscə subtitrlərlə göstəriləcək.

"Şollerin arxivi" filmi real hadisələr əsasında çəkilib. Napoleon müharibələrindən sonra alman torpaqlarında ağırlaşan sosial-iqtisadi vəziyyətə görə 1840-cı illərdə Azərbaycana köçmüş alman kolonisti Şoller və ailəsinin çətin taleyindən bəhs olunur.

"Edam günü" 2016-cı ildə çəkilib və 2018-ci ildə tamamlanıb. Film psixoloji triller janrında çəkilib. Hadisələr həbsxanada cərəyan edir. Filmdə məhkumun kameradakı həyatının həyəcanlı anları əksini tapıb. Müəllif həbsxana mövzusunu iki əks qütbdən mübahisəli bir kontekstdə açır.

"100 illik şərəfli ömür" filmi 2019-cu ildə çəkilib. Film Azərbaycan xalqının böyük oğlu, türk dünyasının iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirir.

Burada Tağıyevin necə milyonçu olduğu və xalqın yaddaşında əbədi iz buraxdığı, böyük mesenat kimi Azərbaycanın və Bakının inkişafına, mədəniyyət və təhsil, binaların, məktəblərin, məbəd və məscidlərin tikilməsinə necə əvəzsiz sərmayə qoyduğu əksini tapıb.

2018-ci ildə çəkilmiş "Stalinin qaranlıq keçmişi" filmində isə Stalinin Bakıdakı cavanlıq illəri təsvir edilib. Ekran əsərində qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanınan Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb. Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissarionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. 

Amerikada Azərbaycan həqiqətləri: Qarabağa aid film mükafat aldı - VİDEO
Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub. O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. Bakı qoçularının ətrafında birləşərək neftxudalardan böyük miqdarda pullar toplayıb. Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq, 28 aprel 1920-ci ildə - Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra "Koba" ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnib.

"Nobel qardaşlarının ilk uğuru" filmi 2019-cu ildə lentə alınıb. Filmdə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs olunur. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və "Nobel qardaşları" firmasını yaradır. "Nobel qardaşları" firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olub. 1875-ci ildə "Nobel qardaşları" firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının "Qara şəhər" adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır. 1879-cu ilin mayında Rusiya imperiyası Bakıda ilk dəfə olaraq xarici və ən böyük neft şirkəti olan "Nobel qardaşlarının neft istehsalı şirkətini (BraNobel)" təsis edir. 1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bugünkü məzənnə ilə 32 milyard ABŞ dollarına bərabərdir. Filmin çəkilişinə 2018-ci ildə başlanılıb və 17 mart 2019-cu ildə tamamlanıb.

Qasımovun sözlərinə görə, bütün bu filmlər ümumilikdə 100 beynəlxalq mükafat alıb.

Hazırda rejissor Bakının 60-70-ci illərini əks etdirən tarixi kriminal filmin çəkilişləri ilə məşğuldur. Bu film 2020-ci ilin sonuna qədər hazır olacaq.