CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik işçiləri "EuroHome"da növbə yaradıblar

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarından ibarət inspektor heyəti növbətçilik qaydasında obyektdə aparılan təmir-tikinti və quraşdırma işlərini nəzarətdə saxlayır
Sputnik

BAKI, 28 yanvar — Sputnik. 10 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Bakı-Sumqayıt şosesində yerləşən və bir hissəsi yanaraq yararsız vəziyyətə düşmüş "EuroHome" MMC-yə məxsus inşaat materiallarının satışı mərkəzinin bərpası işlərinə başlanılıb.

"Eurohome" və "Diqlas" olaylarının təkrar olunmaması üçün əməli addımlar atılıb

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi Elnur Babayev deyib. O bildirib ki, rəhbərliyin müvafiq göstərişi əsasında sahibkarların maraqlarının qorunması, çoxsaylı iş yerləri olan iri ticarət müəssisəsinin tez bir zamanda yenidən tam həcmdə fəaliyyət göstərməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarından ibarət inspektor heyəti növbətçilik qaydasında obyektdə aparılan təmir-tikinti və quraşdırma işlərini nəzarətdə saxlayır.

E.Babayev yanğın təhlükəsizliyi tələbləri çərçivəsində norma və qaydalara uyğun olaraq obyektin inşa olunması istiqamətində zəruri göstəriş və tövsiyələrin verildiyini diqqətə çatdırıb: "Xidmətin əməkdaşları ticarət sahələrinin arakəsmə divarlarının müvafiq odadavamlılıq dərəcəsinə malik materiallarla ayrılmasını, təxliyə çıxışlarının tələblərə uyğun sayda və yerdə olmasını, xarici və daxili su təchizatı, həmçinin yanğına qarşı avtomatika sistemlərinin quraşdırılmasını xüsusi diqqətdə saxlayırlar".

Xatırladaq ki, ötən il dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib. Bu il yanvar ayının əvvəlində qanunvericiliyin tələbləri pozulduğuna görə "EuroHome" tikinti materialları bazarında aparılan tikinti-quraşdırma işlərinin FHN tərəfindən dayandırılmasına qərar verilib.