BAKI, 27 yanvar — Sputnik. İstanbul Prokurorluğu "Reina" əyləncə mərkəzində terror törədən Əbdülqadir Maşaripova 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.
Sputnik Türkiyə xəbər verir ki, 2017-ci ildə İstanbuldakı “Reina” əyləncə mərkəzində 39 nəfərin ölümünə səbəb olan terror hadisəsi ilə bağlı 58 şübhəli barəsində məhkəmə prosesi keçirilib.
Məhkəmədə prokurorluq Əbdülqədir Maşaripova "konstutsiya quruluşunu ləğv etməyə cəhd" maddəsi ilə hadisə zamanı ölən 39 nəfərin hər biri üçün ayrı-ayrılıqda olmaqla 40 qat ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.
Prokurorluğun tələbnaməsində digər şübhəlilər üçün müxtəlif cəzalar tələb edilməklə yanaşı, 8 nəfərin də bəraət alması istənilib.
Xatırladaq ki, “Reina” terroru 2017-ci yanvarın 1-də gecə saat 01:15-də törədilib. Yeni il bayramının qeyd edildiyi gecə klubuna silahla hücum edən şəxs 39 nəfəri öldürüb, 70-nəfəri isə yaralamışdı.
Hadisədən bir gün sonra İŞİD hadisənin məsuliyyətini üzərinə götürmüş, hadisəni törədən Əbdülqədir Maşaripov isə xüsusi əməliyyatla yanvarın 17-də İstanbulda ələ keçmişdi.