VİDEO

Olimpiada, sürətli hesab, şahmat üzrə 3-cü dərəcə - 5 yaşlı Maqsudla tanış olun

Maqsudun sadəcə beş yaşı var, amma onun məsuliyyətləri və gördüyü işlər yaşı ilə heç uzlaşmır. O, riyaziyyat olimpiadasına və növbəti şahmat turnirinə hazırlaşır. Onunla videomuzda daha yaxından tanış olun.
Sputnik

Öyrəşmişik ki, məktəbdən gələn uşağı bir neçə saat dilə tutmaq lazımdır ki, ev tapşırıqlarını etməyə başlasın. 5 yaşlı Maqsud Yusifzadənin valideynlərinin belə bir qayğısı yoxdur. Evə gələr-gəlməz ilk işi ev tapşırıqlarını edib, sürətli hesab proqramını açmaqdır.

“Dünyamız yaxşı əllərdədir” – Uşaqlar gələcək planlarından danışırlar

Bəli, Maqsud bütün yaşıdlarından olduqca fərqlənir. O, artıq şahmat üzrə üçüncü dərəcəyə sahibdir, üçrəqəmli ədədlərin sürətli hesabına keçib və bu yaxınlarda keçiriləcək riyaziyyat üzrə beynəlxalq olimpiadaya hazırlaşır. Aydın məsələdir ki, çox vaxt onun rəqibləri ondan yaşca qat-qat böyük uşaqlar olur. Udduğu anlar da olur, uduzduğu hallar da. Amma Maqsudun məğlubiyyətlərinə yanaşması çox maraqlıdır. O, heç vaxt ağlamır, ruhdan düşmür və daha böyük əzmkarlıqla çalışmağa davam edir.

“Maqsud bilir ki, məğlubiyyətlər olmadan qalibiyyətlər də olmur. O uduzmağa, daha pis hazırlaşdığını etiraf etməyə hazırdır. Rəqiblərinin qələbə sevincini bölüşdürməyi bacarır. Və gələn dəfə daha yaxşı nəticə göstərməyə çalışır,” - deyə Maqsudun anası, Elnarə Yusifzadə bizimlə bölüşüb.

Bütün bunlara baxmayaraq, Maqsud hər bir 5 yaşlı oğlan kimi topla və avtomatlarla oynamağı, bacısı ilə şıltaqlıq etməyi sevir, dənizdə çimməyi və xizək sürməyi xoşlayır. Və bütün bunları ciddi işlə bir araya gətirməyi də öyrənib. Kaş ki bəzi böyüklər ondan öyrənə... Bu arada, onu tanıyanların çoxu onunla indidən selfi çəkdirməyə çalışır, birdən gələcəkdə lazım olar.

Biz əminik ki, Maqsudun adını hələ çox eşidəcəyik və ona bütün işlərində uğurlar arzulayırıq.