Ötən il Gürcüstanda itkin düşən Azərbaycan vətəndaşı tapılıb

Tapılan 133 nəfərdən 10-nun meyiti aşkar edilib. Sağ-salamat tapılanlardan dördü Belçika, ikisi Səudiyyə Ərəbistanı, qalanları isə Azərbaycan, Qazaxıstan, Rusiya və İordaniya vətəndaşlarıdır
Sputnik

BAKI, 26 yanvar — Sputnik. 2019-cu ildə Gürcüstanda 195 nəfər itkin düşüb. Aparılan axtarış tədbirləri nəticəsində onlardan 133-ü tapılıb. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilir. 

Qeyd olunur ki, tapılan 133 nəfərdən 10-nun meyiti aşkar edilib. Sağ-salamat tapılanlardan dördü Belçika, ikisi Səudiyyə Ərəbistanı, qalanları isə Azərbaycan, Qazaxıstan, Rusiya və İordaniya vətəndaşlarıdır. 

Keçən il itkin düşən 16 yaşadək uşaqlardan 7-si hələ də axtarılır. 

Hesabatda bildirilir ki, 1973-cü ildən 2020-ci il yanvarın 1-dək Gürcüstanda 6 minə yaxın insan itkin düşüb ki, onlardan da minə yaxını tapılıb. 

Qeyd olunur ki, 2018-ci ildə 167 nəfər itkin statusu alıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il yanvarın 1-dək onlardan 100 nəfəri sağ-salamat, 15 nəfərinin isə cəsədi tapılıb.