HADİSƏ

Bir ailə məhv oldu: İsmayıllıda qəzada ata, ana və qızları ölüb

Ölənlər “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyevadır.
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Bu gün İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3 nəfərə çatıb, 15-ə yaxın yaralı var.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Bir ailə məhv oldu: İsmayıllıda qəzada ata, ana və qızları ölüb

Hər iki avtomobil zərbənin təsiri nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı “VAZ 2106”-da olan ana və ata hadisə yerində, bir övladı isə xəstəxanada ölüb. Ölənlər “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyevadır.

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Qəza zanmanı xəsarət alan şəxslər, Bakı sakinləri -1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər yaralıların təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparıldığı bildirilir.