İranın raket zərbələri nəticəsində travma alan hərbçilərin sayı açıqlnadı

Yanvarın 8-i İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
Sputnik

BAKI, 25 yanvar — Sputnik. "İranın ABŞ-ın İraqdakı aviabazalarına endirdiyi raket zərbələri nəticəsində 34 ABŞ hərbçisinə kəllə-beyin travması diaqnozu qoyulub".

Sputnik Azərbaycan xarici mətbuata istinadla bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Jonathan Hoffman keçirdiyi mətbuat konfransında bildirib.

"Daha əvvəl Almaniyaya aparılan 8 hərbçi ABŞ-a dönüb və tibbi yardım almaqda davam edir. Küveytə göndərilən 1 əsgər İraqa qayıdıb. 16 əsgər İraqda qalıb, müalicə aldıqdan sonra vəzifələrinə geri dönüblər. 9 əsgərin müalicəsi isə Almaniyada davam edir"-deyə, o bildirib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını, 11 hərbçinin xəsarət aldığını bildirib.