İQTİSADİYYAT

Sahibkarlar şikayətlərini dilə gətirdilər

Məhsulların maya dəyərinin yüksək olmasının rəqabət qabiliyyətinə mənfi təsir etdiyini qeyd edən sahibkarlar logistika qiymətlərinin də maya dəyərində xüsusi rolu olduğunu bildirib.
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Məhsulların maya dəyərinin yüksək olması rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvləri ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında keçirilən görüşdə sahibkarlar bildiriblər.

Görüş zamanı sahibkarlar logistika qiymətlərinin də maya dəyərində xüsusi rolu olduğunu bildiriblər.

Görüş "Özəl sektorun inkişafı üçün mövcud olan imkanlar və məhdudiyyətlər"ə həsr olunub.

Müzakirələr əsasən aşağıdakı istiqamətləri əhatə edib: ölkədə son dövrdə qanunvericilik sistemində aparılan islahatlar nəticəsində sahibkarların qarşılaşdıqları problemlər və onların həlli yolları; müvafiq islahatlar çərçivəsində rəqabət imkanları; maliyyə resursları mənbələrinə çıxışda yaranan çətinliklər; ucuz və qısamüddətli maliyyə mənbələrinin azlığı; xarici investorların daxili bazara inamsızlığı; onlara daxili bazarın mövcud vəziyyəti və islahatlar haqqında daha dolğun məlumatın verilməsi istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi; ixtisaslı kadrların çatışmamazlığı və s.

Bu mövzular üzrə sahibkarlar öz fikirlərini bölüşüblər. Məhsulların maya dəyərinin yüksək olmasının rəqabət qabiliyyətinə mənfi təsir etdiyini qeyd edən sahibkarlar logistika qiymətlərinin də maya dəyərində xüsusi rolu olduğunu bildirib.

Azərbaycanda investisiya qoymaq üçün bir neçə sahədəki perspektivləri IFC ilə bölüşən sahibkarlarımız xarici investorları maraqlandıracaq arqumentlərlə çıxış ediblər.