CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik korrupsiya faktları ilə bağlı 32 material təqdim edib

"Bu göstərici Nazirliyin öz fəaliyyət və əhaliyə xidmət sahələrində korrupsiya elementlərinin aşkar edilərək tam aradan qaldırılmasına, şəffaflığın təminatına doğru çevik və məqsədəuyğun tədbirlərinin, apardığı köklü islahatların bir göstəricisidir"
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ötən illə bağlı açıqladığı hesabata əsasən, Baş İdarəyə 2019-cu ildə ən çox material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daxil olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ƏƏSMN-nin mətbuat katibi Fazil Talıbov məlumat verib. O bildirib ki, bu göstərici Nazirliyin öz fəaliyyət və əhaliyə xidmət sahələrində korrupsiya elementlərinin aşkar edilərək tam aradan qaldırılmasına, şəffaflığın təminatına doğru çevik və məqsədəuyğun tədbirlərinin, apardığı köklü islahatların bir göstəricisidir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə il ərzində 32 material təqdim edib. Bu kimi tədbirlər qanun pozuntularının aradan qaldırılmasına, qanunazidd əməllərə yol vermiş şəxslərin cinayət və inzibati məsuliyyətə cəlb edilmələri ilə bərabər, gələcəkdə qanun pozuntularına yol verilməsinin qarşısının alınmasında da xüsusi önəm kəsb edir. 2019-cu ildə olduğu kimi, 2020-ci ildə də bu tədbirlər davam etdiriləcək".