Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 yanvar — Sputnik. "Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. İşçilər açıq havada işləmirlər. Növbəlilik sistemi tətbiq olunub".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. O deyib ki, əlavə təhlükəsizlik tədbirləri proqnoz edilən küləyin sürətindən, şiddətinin dərəcəsindən və həm də mövcud risklərin dəyərləndirilməsindən asılıdır: "Qarşıdakı günlərdə küləyin sürəti dənizdə arabir 25-30 m/s-dək çatması proqnozlaşdırılır. Hazırda həm də bir çox istehsalat meydançalarının əsaslı təmirindən sonra ümumi risklərin daha aşağı olması, dənizdə açıq səthlərdə işləməli olan işçilər nisbətən az olduğuna görə işçilərin təxliyyəsi keçirilmir. Amma ümumi təhlükəsizlik rejimi havanın müvəqqəti kəskinləşməsinə uyğun olaraq maksimum dərəcədə gücləndirilib".
İ.Əhmədov deyir ki, küləyin sürəti 35 m/s - 45 m/s arasında qalxdıqda işçilərin təxliyyəsi üçün zərurət yarana bilər. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.