BAKI, 24 yanvar — Sputnik. Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin foyesindəki divara çəkilmiş miniatür tipli divar rəsmləri Ginnesin Rekordlar Kitabına daxil edilə bilər.
Bu barədə məlumatı Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyinin mətbuat xidməti verib.
Bu layihə qədim milli irsin, adət və ənənələrin təbliği xarakteri daşıyır. Muzeydəki təsvirlər 73 kvadratmetr sahəni əhatə etməklə, dünyada bu vaxta qədər çəkilmiş miniatür tipli ən irihəcmli rəsm əsəridir. "Azərbaycan toyu" adlanan və vahid süjet əsasında işlənmiş divar rəsmlərinin müəllifi Azərbaycan Rəssamlar İttifaqının üzvü Fərman Hüseynovdur.
Rəssam tempera boyası ilə işlədiyi bu rəsmləri divara bir il ərzində çəkib və onu 2016-cı ildə tamamlayıb. Tempera boyalarından qədim Misirdə freskaların çəkilişi zamanı istifadə olunurdu.
Miniatürün mərkəzində yaz fəslində saz-söz, şeir məclisinin qurulması təsvir edilib. Buradakı hər şey - aydın səma, yaşıla bürünmüş dağlar, çəmənlər, coşub-daşan çaylar, çiçəkləyən ağaclar, durna qatarı, yuva quran qaranquşlar, cəh-cəh vuran bülbüllər təbiətin oyanışından və yazın gəlişindən xəbər verir.
Rəsmin süjet xəttinə əsasən, bir ozan bir-birlərini ülvi məhəbbətlə sevən iki aşiqin eşq dastanını danışır. Əsərin sağında oğlan evi, solunda isə qız evi təsvir edilib. Arxa fonda qədim Şəmkir qalası və məşhur sütun, öndə isə elçilik üçün yola düşən dəvə karvanı görünür. Bir az sonra qız evində elçilik və hər iki gəncin söhbətləşən ataları təsvir olunur. Nəhayət, valideynlər xeyir-dua ilə öz qızlarını bəzənmiş kəcavədə oğlan evinə yola salırlar. Uzun yolçuluqdan sonra karvan şəhərə çatır, xoş xəbər hər yana yayılır. Oğlan evində el adəti ilə böyük toy məclisi qurulur, gənclər sevinir, oynayır, şadlıq edirlər.
"Azərbaycan toyu" adlanan divar rəsmlərində rəssam Fərman Hüseynov demək olar ki, ölkəmizin maddi-mənəvi irsini, onun adət-ənənələrini, el sənəti nümunələrini, bir rəssam peşəkarlığı ilə təsvir etməyi bacarıb.
Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün təqdim olunmuş "Azərbaycan toyu" iki mərhələni uğurla keçib. Hazırda proses növbəti sənədləşmə mərhələsindədir.