CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qar ehtiyatımız azaldıqca yeni problemlər yaşanacaq - ekoloqdan xəbərdarlıq

"İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalmışdır və beynəlxalq iqlim modellərinə əsasən, onların gələcəkdə də azalma ehtimali var"
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Respublika çaylarının sululuğu əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklikdə qar ehtiyatları, onların temperaturdan asılı olaraq ərimə şiddətliyi və yaz dövründə düşən yağıntılar hesabına formalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva danışıb.

O qeyd edib ki, adətən qış fəslində dağlıq və dağətəyi rayonlarda qar örtüyünün əmələ gəlməsi noyabr ayının sonu və dekabr ayının əvvəlində başlayır, mart ayında davam edir.

Qar ehtiyatımız azaldıqca yeni problemlər yaşanacaq - ekoloqdan xəbərdarlıq

Son illərdə qış dövrünün mülayim keçməsi və şaxtalı günlərin azalması nəticəsində qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur.

Baxmayaraq ki, 2019-2020-ci illərin qış dövründə dağ və dağətəyi zonalarında qar örtüyünün yaranması 2019-cu ilin noyabr ayının 3-cü ongünlüyündə başlanıb və ayrı-ayrı günlərdə davam edib, təhlillər göstərir ki, qar ehtiyatı əvvəlki illərlə müqayisədə bu il də azdır. Bunu qonşu Türkiyə və Gürcüstanda Kür və Araz çaylarının hövzələrində toplanan qar ehtiyatları haqqında məlumatlar da təsdiq edir.

Bu ilin yanvar ayının birinci yarısında respublikanın dağlıq ərazilərinə yağan qar örtüyünün orta hündürlüyü 4.7-9,4 sm (2019-cu ildə 6,5-23,3 sm) təşkil edib. Yağan qar örtüyünün hündürlüyü 2019-cu ilin müvafiq dövrünə yaxın olsa da, Naxçıvan MR-nin dağlıq ərazilərində az olub.

2020-cu ilin yanvar ayının birinci yarısında dağlıq və dağətəyi rayonlarda düşən yağıntının miqdarı çoxillik normanın 9-58 faizini təşkil edib. (2019-cu ildə 1-36 faiz olub)

Bəs Bakının qarı hanı?

Umayra Tağıyeva daxili və transsərhəd çaylarda vəziyyət haqqında da danışıb.

Onun sözlərinə görə, hazırda çaylarda azsulu dövr müşahidə olunur. Lənkaran-Astara bölgəsinin bəzi çayları istisna olmaqla digər çayların sululuq keçən il ilə müqayisədə azdır. O cümlədən transsərhəd çaylarında, xüsusən də Qanıx çayında sululuq keçən il ilə müqayisədə azdır.

"Yanvar ayının 1-ci yarısında Kür çayının Qıraqkəsəmən məntəqəsində sululuq normanın 68 (2019-cu ildə 80 fazini), Araz çayının Qıvraq məntəqəsində sululuq normanın 81 (2019-cu ildə 85 fazini), Qanıx çayının Əyriçay məntəqəsində isə sululuq normanın 41 faizini (2019-cu ildə 97 fazini) təşkil edib. Hazırda respublika ərazisində ən böyük su anbarı olan Mingəçevir su anbarının səviyyəsi 68,13 metr təşkil edir ki, bu da keçən illə müqayisədə 2,43 metr aşağıdır. Anbarda səviyyənin xeyli aşağı olması anbarın doldurulmasında mühüm rol oynayan Kür və Qanıx transsərhəd çaylarında son illərdə azsulu illərin müşahidə olunması ilə əlagədardır", - deyə Tağıyeva əlavə edib.

Onun sözlərinə görə, su ehtiyatlarının vəziyyəti narahat edən məsələlərdən biridir: "Əhalinin artımı və iqtisadiyyatın inkisafı şəraitində dünyada su ehtiyatlarından istifadə sürətlə artır və su təminatı pisləşir. İqlim dəyişmələri nəticəsində bu problem daha da kəskinləşir. Hazırda dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkir və yaxın onilliklərdə bu problemin artacağı proqnozlaşdırılır".

Onun sözlərinə görə, iqlimin dəyişməsi ölkəmizdə də baş verir. Araşdırmalara əsasən, Azərbaycanda su ehtiyatları gözlənilən iqlim dəyişmələrinin təsirlərinə daha həssasdir: "İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalmışdır və beynəlxalq iqlim modellərinə əsasən, onların gələcəkdə də azalma ehtimali var. Aydındır ki, iqlim dəyişmələri təsirlərinin qarşısını alımaq mümkün deyil, lakin onların fəsadlarını nisbətən yumşaltmaq olar. Digər tərəfdən, su itkilərinin miqyası böyükdür. Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir".