Azərbaycandan keçən nəqliyyat dəhlizləri regionun ən əhəmiyyətli dəhlizləridir. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri “Report”un Davosa ezam olunmuş müxbirinə Xəzər Həftəsi Təşkilat Komitəsinin sədri Murat Seitnepesov Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın açılışı zamanı bildirib.
O deyib ki, “Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması" İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində artıq 4-cü ildir keçirilir: "Bu il platformamızda əsasən Böyük Xəzər regionunda nəqliyyat dəhlizləri müzakirə ediləcək. Bu məsələdə Azərbaycan və Gürcüstanın rolu olduqca böyükdür. İki dəhliz Azərbaycan və Gürcüstandan keçir ki, bunlar dünya bazarına Böyük Xəzər regionundan və eyni zamanda dünya bazarından bu regiona yüklərin nəqlini həyata keçirmək potensialı olan əsas dəhlizlərdir. Bu il platformamızda müzakirə olunacaq əsas mövzulardan biri də Trans-Xəzər qaz kəməridir. Böyük Xəzər regionu yalnız beş Xəzəryanı ölkəni əhatə etmir. Bura Xəzər və Qara dəniz ətrafında yerləşən ölkələr, Çindən başlayaraq Əfqanıstan, Pakistan, Türkiyə də daxildir. Bu regionun iqtisadi əhəmiyyəti olduqca böyükdür. Böyük Xəzər regionu dünyada iqtisadi inkişaf naminə vacib nöqtələrdən biridir ki, belə nöqtələr heç də çox deyil. Biz inanırıq ki, bu region istər iqtisadi, istərsə də digər sahələri əhatə edən böyük potensiala malikdir”.
Murat Seitnepesovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz