CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Stiv Cobsun həkimindən sağlamlıq resepti: DNT-dəki xərçəng kodunu söndürə bilirik

Apple şirkətinin əfsanəvi yaradıcısı Stiv Cobsu müalicə etmiş Devid Aqus böyük şəhərlərin orqanizmə təsiri ilə necə mübarizə aparmaq lazım gəldiyindən və xərçəngə qalib gəlməyin yollarından danışıb
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Silikon vadisinin həkim-onkoloqu, Cənubi Kaliforniya Universitetinin Transformativ Tibb İnstitutunun qurucusu, Apple şirkətinin əfsanəvi yaradıcısı Stiv Cobsu müalicə etmiş Devid Aqus böyük şəhərlərin orqanizmə təsiri ilə necə mübarizə aparmaq lazım gəldiyindən danışıb.

Stres çox, vaxt az – Olan da “Əxlaqsızlıq yuvası”

Sputnik Azərbaycan-ın məlumatına görə, XVIII "Sağlam Moskva" assambleyasının iştirakçısı olan "Uzun ömrün qısa bələdçisi" kitabının müəllifi, əfsanəvi həkim Aqus Moskva meriyasının rəsmi saytında yayımlanan müsahibəsində meqapolislərdə yaşayan insanların öz sağlamlıqlarını necə qorumalı olduqları haqda maraqlı məlumatlar verib. O, həmçinin xərçəngə qalib gəlməyin yollarını və sosiallaşmağın faydalarını da izah edib.

Qeyd edib ki, bütün dünyada səhiyyənin yeni strukturu liderlərə ehtiyac duyur. Liderlər davranış qaydalarını dəyişə bilərlər. Bu da hökumətlərin vəzifəsidir. Onlar sağlam həyat tərzini təbliğ etməli və nümunə göstərməlidirlər.

XXI əsrin epidemiyası sayılan xərçəng xəstəliyi ilə bağlı hazırda dünyada vəziyyətin necə olduğuna aydınlıq gətirən Aqus deyib:

"Xərçəng həmişə olub, hətta Misir mumiyalarında da biz bu xəstəliyin izlərini tapırıq. Ancaq yalnız son 40 ildə onu birtəhər müalicə etmək imkanları yaranıb. Bundan əvvəl xəstəliyin aşkarlanması və onunla mübarizə üsulları sadəcə mövcud deyildi. Əvvəlcə kimya terapiyası meydana gəldi, sonra molekulyar terapiya. İndi biz insanın DNT-sini araşdıraraq xərçəngi aşkarlaya və onun kodlarını "söndürə" bilirik. Biz indi həmçinin immun terapiyası ilə də uğurla işləyə bilirik. İş orasındadır ki, xərçəng hüceyrələri bədənimizə xüsusi bir siqnal göndərir, sanki deyirlər: "Məni yemə" və biz bu siqnalı boğa bilərik".

Aqus qeyd edib ki, indi xərçənglə mübarizənin vacib mərhələsindədirlər: "İndi onkoloji diaqnozu olan insanlar kifayət qədər uzun və yaxşı səviyyədə yaşaya bilirlər. Mən ilk dəfə bu barədə belə nikbinliklə danışa bilirəm. Hər il xərçəngin müalicə edilə biləcəyi dövr artır".

"Siz Stiv Cobsun həkimi idiniz, niyə ona kömək edə bilmədiniz?" sualına cavabında həkim deyib: "Stiv mənə müraciət edəndə xərçəng artıq terminal mərhələsində idi və demək olar ki, onun bütün bədənini ələ keçirmişdi. Buna baxmayaraq, ona daha 6 il yaşamaq fürsəti verdik və bu altı il çox yüksək keyfiyyətli, yaradıcılıq və ümidlə dolu bir ömür idi. Beləliklə, bu, faciəli hekayə deyil, daha çox imkanlarımızın nə qədər inkişaf etdiyinin təsviri idi".

Zirzəmilərimizdə gizlənən "əjdaha" - xərçəngi də o törədir

Böyük şəhərlərdə yaşamağın stresinin çox olduğunu vurğulayan həkim meqapolisdə yaşayaraq sağlam qalmağın da öz qaydaları olduğunu bildirib:

"Bunun üçün, birincisi, təbiətdə, meşədə, parkda vaxt keçirmək lazımdır. İkincisi, bizim orqanizmimiz hərəkət üçün yaradılıb, biz faktiki olaraq əzələ daralması hesabına yaşayırıq. Buna görə də sağlamlıq üçün hərəkət etmək sadəcə vacibdir. Üçüncüsü, dincəlmək, istirahətə vaxt ayırmaqdır. Gün ərzində azı 30 dəqiqə mütləq istirahətə vaxt ayırmaq - televizora baxmaq, oxumaq, sadəcə pəncərəyə baxmaq lazımdır. Belə fasilə gün ərzində toplanmış stressin səviyyəsini aşağı salmaq üçün zəruridir. Dördüncü, rejimə riayət etməkdir. Misal üçün, gündə üç dəfə yemək lazımdır, bununla belə, yeməklər arasındakı yüngül qəlyanaltılar metabolizmi dəyişdirir. Nəticədə artıq çəki yaranır və beynin aktivliyi aşağı düşür. Həmçinin eyni vaxtda yatmaq və durmaq lazımdır. Bu dörd prinsip böyük şəhərin təsiri ilə mübarizə üçün tamamilə inanılmaz, əla bir vasitədir".

Həkim-onkoloq bununla belə, meqapolisdə yaşamağın da öz üstünlüklərinin - sosiallaşma imkanlarının olduğunu qeyd edib.

"Biz bir-birimizlə ünsiyyət qurmaq üçün yaradılmışıq və böyük şəhər buna çoxlu imkanlar verir. Nə qədər çox və keyfiyyətli ünsiyyət qursan, bir qədər yaxşıdır", - deyə Aqus əlavə edib.

O həmçinin deyib ki, bu zəmanədə hər kəs özü özünün həkimi olmalıdır:

"Yadda saxlamaq lazımdır ki, hər kəs öz sağlamlığına cavabdehdir, xüsusilə də bu qədər texnologiya və informasiyanın olduğu bir vaxtda. Həkimlər indi daha çox ixtisaslaşmış köməkçilərdir, onlar xəstəliklərin müxtəlif müalicə üsulları və sağlamlığın qorunması barədə məsləhətlər verirlər. Ancaq qərarlar və öz vəziyyətinizi izləmək hələ də sizə aiddir. Bu təcrübəni vərdiş kimi qəbul etməyinizi məsləhət görürəm: ayda bir dəfə özünüzü yoxlamağı. Doktor sizi ildə bir dəfə, bəlkə də daha tez-tez görür, siz isə özünüzü daha yaxşı tanıyırsınız və hər hansı dəyişikliyi daha tez fərq edirsiz".

İllərlə əhəmiyyət vermirlər - xərçəngin əlamətlərini tanıyın>>

ABŞ-da aparılan bir araşdırmaya toxunan onkoloq bildirib ki, gec təqaüdə çıxan insanlarda Altsheymer riskinin daha aşağı olduğu müəyyən edilib. Buna görə də o, beyni daim işlətmək lazım gəldiyini deyib. Aqusun fikrincə, əsas peşə fəaliyyətlərini başa vurmuş insanların düşünməyə davam etmələri çox vacibdir.

Dünyamızı boşaldan fenomen - Hətta çox varlılar da bu addımı atırlar

"Onlara öz problemlərini özlərinin həll etməsi, komfort çərçivədən kənara çıxması üçün şərait yaratmaq lazımdır. Məsələn, mən yoqa ilə məşğul oluram (baxmayaraq ki, bu, məndə o qədər də yaxşı alınmır)", - deyə həkim bildirib.

Onun sözlərinə görə, yeni şeylər öyrənmək ruhi sağlamlığı qorumaq üçün ən vacibdir. İnkişaf üçün beyin daim işlədilməli və narahat olmalıdır. Əgər fizikada bir şeyi başa düşmürsənsə, onu öyrənməyə çalışmalısan.

"Yaşlı nəslin insanları haqqında danışırıqsa, nəzərə almalıyıq ki, məsələn, yaşlı heyvanlar cavan heyvanlara öyrədirlər. Bizdə isə əksinə, yaşlı insanlar birtəhər cəmiyyət çərçivəsindən kənarlaşdırılıblar. Amma onları geri qaytarmaq lazımdır", - həkim əlavə edib.