Çin bu dəfə insanların 6 milyonluq şəhərdən çıxışını bağladı

Huanqanda, həmçinin kinoteatrlar, internet-kafelər və digər əyləncə məkanları, həmçinin şəhərin mərkəzi bazarı müvəqqəti bağlanılıb.
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Çin rəhbərliyi bu gündən etibarən yeni koronovirusun aşkarlandığı Huanqan şəhərindən də əhalinin kənara çıxmasına qadağa qoyub. Bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir.

Məlumata əsasən, yerli sakinlərə xüsusi ehtiyac olmayacağı təqdirdə şəhəri tərk etmək qadağan olunur. Bundan əlavə, şəhərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Huanqanda, həmçinin kinoteatrlar, internet-kafelər və digər əyləncə məkanları, həmçinin şəhərin mərkəzi bazarı müvəqqəti bağlanılıb.

Qeyd edək ki, Huanqanda 6 milyondan çox əhali yaşayır. O, virusun yayılmağa başladığı Uhanın yaxınlığında yerləşir.

Daha əvvəl Çin rəhbərliyi yeni koronavirusun episentri olaraq qəbul edilən 11 milyon insanın yaşadığı Uhan şəhərinə giriş-çıxışı bağlayıb.

Vəziyyət gərginləşir: Çin 11 milyon nəfərin yaşadığı şəhəri bağladı

Ölkə səhiyyə sisteminin rəsmiləri ehtiyat edir ki, şənbə günü Çində Yeni ilin başlaması və bir həftə davam edəcək bayram günləri ilə bağlı bu virusa yoluxanların sayı kəskin şəkildə arta bilər. Çünki Yeni illə əlaqədar yüz milyonlarla çinli xaricdən və ölkə daxilindən öz doğulduğu şəhərlərə geri qayıdacaq.

Uhanın yerli rəhbərliyi bəyan edib ki, cümə axşamı yerli vaxtla saat 10:00-dan etibarən şəhərin bütün ictimai nəqliyyatı və bu şəhərdən həyata keçirilən aviareyslər dayandırılır. Şəhər polisi ölkənin aparıcı şoselərində patrul nəzarəti həyata keçirir. Hələlik şəhər rəhbərliyinin qərarı şəxsi avtomobillərə şamil olunmur. Bundan əlavə, şəhərdəki yanacaqdoldurma məntəqələrində böyük növbələr yaranıb.

Rəhbərlik xüsusi ehtiyac olmadan əhalini şəhəri tərk etməməyə çağırır. Hesab olunur ki, virusun yeni ştampı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.

Xatırladaq ki, ən son məlumatlara görə, Çində koronavirusun yayılması nəticəsində 17 nəfər ölüb, 600-ə yaxın şəxs isə bu xəstəliyə yoluxub.